► Qolun qol dibinə birləşdirilməsi
Bitişdirmə qollar qol dibinə aşağıdakı qaydada birləşdirilir (Şəkil 1.33). Qolun bədən quruluşunda yaxşı oturması üçün və qolun hərəkətinə mane olmaması üçün qola okat xəttində yığım vermək lazımdır. Yığımın eni modadan asılı olaraq 4-6 sm arasında götürülür. Okat hissəyə yığım vermək üçün qolun kəsiyindən 0,5 sm aralı iki paralel maşın tikişi tikilməlidir. Sapları lazımi yığım (büzmə) alınıncaya qədər dartıb ucunu düyünləyirlər. Sonra büzməni bərabər yayırlar və ütüləyirlər. Yüngül dartılan parçadan hazırlanan məmulatlarda ətək tərəfdən qol dibi boyunca (çiyin tikişindən aşağı) 10-12 sm uzunluğunda qolun birləşmə tikişindən 0,1-0,2 sm aralı maşın tikişi ilə tikirlər. Bu, qol dibinin genişlənməsinin qarşısını alır. Sonra qolu üst tərəfə, məmulatı isə tərs tərəfə çevirirlər. Qolu qol dibinin üzərinə işarə olunmuş xətt üzrə qoyub sancaqlar vasitəsi ilə nəzarət nöqtələri qolda və məmulatda birləşdirirlər. Sonra kökləyib maşınla tikirlər. Qolu kökləyərkən büzmələrin bərabər yayılmasına nəzarət etmək lazımdır. Okatın ən hündür nöqtəsi çiyin tikişindən 1-1,5 sm aralı ətəyə tərəf yerləşdirilməlidir. Qolun alt tikişi isə məmulatın yan tikişi ilə üst-üstə düşməlidir. Qolları birləşdirdikdən sonra tikişin kənarı xüsusi hörmələyici maşında hörmələnir. Modadan asılı olaraq, qolun birləşdirici tikişini ya ətək, ya da qol tərəfə qatlayıb ütüləyirlər.
► Qadın köynəklərinin aşağı hissəsinin hazırlanma üsulları
Köynəyin aşağı hissəsini hazırlamağa başlamazdan əvvəl onun aşağısını dəqiqləşdirmək lazımdır. Bunun üçün köynəyi ətək və kürəyin orta xətti üzrə qatlayıb yan tikişi, qarsaqları bir-birinin üzərinə salıb sancaqlayırlar. Sancaqlamanı köynəyin aşağı hissəsindən 3 sm yuxarıda aparmaq lazımdır. Sonra isə köynəyin aşağısının artıqlarını düzəldirlər.