► Qolların aşağı kəsiyinin manjetlə hazırlanması
Qolun aşağı kəsiyini manjetlə hazırlayan zaman əvvəlcə manjet hazırlanır. Əgər manjet iki hissədən (üst və alt) ibarətdirsə, onda manjetin alt və üst hissəsi (üst tərəfləri içəri olmaqla) üz-üzə qoyulub alt hissə tərəfdən 0,5-0,7 sm enində çevrilən tikişlə birləşdirilir. Künclərdə 0,2-0,3 sm tikiş payı saxlayıb artığı kəsilir. Manjet üz tərəfə çevrilir və onun üst hissəsindən 0,1 sm kant əmələ gətirməklə ütülənir. Manjet bir hissədən ibarət olduqda isə üzü içəri olmaqla iki qatlanıb, yalnız yanları 0,5-0,7 sm enində çevrilən tikişlə birləşdirilir, çevrilir və ütülənir. Manjeti qolla birləşdirməzdən əvvəl (Şəkil 1.32.) əgər qolun aşağı kəsiyi büzmə ilə hazırlanarsa, əvvəlcə qolun aşağı kəsiyini 2 paralel tikişlə tikirlər. Sonra lazımi büzmə alınanadək sapları çəkib ucunu düyünləyirlər. Əgər qolun aşağı kəsiyi qatlama və ya qarsaqla hazırlanarsa, bunları da manjetlə birləşdirməzdən əvvəl hazırlamaq lazımdır. Yumşaq ipək və yun parçadan hazırlanan məmulata manjeti qolun aşağı kəsiyinə aşağıdakı kimi birləşdirmək lazımdır: üst manjeti qolla üz-üzə qoyub qatlamaları və qarsaqları düzəltməklə qola kökləyirlər. Sonra üst manjetin tikişini örtmək şərti ilə manjet altının qatlanmış hissəsini qola maşın tikişi ilə birləşdirirlər. Manjet hazır olduqdan sonra onu ütüləyirlər. Cod, möhkəm parçadan hazırlanan geyimlərdə isə qolun aşağı kəsiyinə manjeti aşağıdakı kimi birləşdirirlər. Manjet altının üst tərəfini qolun tərs tərəfi ilə üz-üzə qoyub qarsaqları, büzmələri, qatlamaları düzəltməklə kökləyirlər. Sonra 0,5-0,8 sm enində tərs tərəfə qatlayıb kökləyir, manjetaltını qolun aşağı kəsiyinə tikişin üstünü örtməklə üst manjeti kökləyir, 0,1 sm enində maşın tikişi ilə tikirlər. Əgər qolun aşağı hissəsi manjetsiz hazırlanarsa, onda qolun aşağı hissəsini tərs tərəfə iki dəfə qatlayıb maşın tikişi ilə tikirlər. Pambıq parçadan hazırlanan geyimlərdə isə qolun aşağı hissəsini maşın tikişi ilə də qatlamaq olar. Hazır halda bu tikişin eni 0,3-0,4 sm olmalıdır.