► Köynəkdə ətək və kürək hissənin birləşdirilməsi
Əgər köynəkdə ətək, kürək bütöv biçilmişsə və köynək kəmərlə bağlanarsa, onda köynəyin yan kəsiklərini aşağıdan 5-6 sm buraxmaqla tikirlər. Tikilməmiş hissəni isə iki dəfə tərs tərəfə qatlayıb, kökləyir və 0,1 sm enində maşın tikişi ilə tikirlər. Yan tikiş üzrə kəsiyi köbə ilə də hazırlamaq olar. Bunun üçün köynəyin yan tikişinin sonunda tikişə 0,1- 0,2 sm qalana qədər çırt vururlar. Köbənin üst tərəfini məmulatın tərsinin üzərinə qoyub kəsiklərin kənarını bərabərləşdirir, kökləyir və köbə tərəfdən maşınla tikirlər. Sonra köbəni məmulatın üst tərəfinə qatlayıb, köbənin kəsik hissəsini 0,5-0,7 sm enində tərs tərəfə qatlayıb birinci tikişin üstünü örtmək şərti ilə 0,1-0,2 sm enində maşın tikişi ilə tikirlər. Əgər kəmərlə hazırlanan köynəklərdə kəmər köbəli və ya hörmələməli düymə yerləri ilə hazırlanırsa, onda kəməri biçərkən düymələnmə üçün əlavə parçanın kəsilməsi nəzərdə tutulmalıdır. Köbəli düymə yerlərini kəməri köynək ilə birləşdirməzdən qabaq hörmələmək, düymə yerlərini isə kəməri köynək ilə birləşdirdikdən sonra hazırlamaq lazımdır. Əgər köynəyin aşağısı modeldə büzmə və ya qatlama ilə nəzərdə tutulubsa, onda bunu kəməri köynəyə birləşdirməzdən qabaq yerinə yetirmək lazımdır. Kəməri köynəyə aşağıdakı kimi birləşdirirlər: əvvəlcə kəmərin aşağı kəsiyini 0,5-0,8 sm enində tərs tərəfə qatlayıb ütüləyirlər. Sonra kəməri uzununa üz tərəfi içəri olmaqla iki qat qatlayıb, yan kəsiklərini bərabərləşdirir və 0,7-1 sm enində maşın tikişi ilə tikirlər. Künclərdə tikişin artığını kəsib kəməri üst tərəfə çevirirlər. Sonra kəməri ütüləyirlər. Hazır kəməri köynəyin üstünə qoyub 0,7-1 sm enində tikişlə köynək tərəfdən kökləyir və maşınla tikirlər. Tikişi kəmər tərəfə qatlayırlar. Kəmərin qatlanıb ütülənmiş kənarını birləşmə tikişinin üstünü örtmək şərti ilə məmulata kökləyir və qatlanmış kənardan 0,1-0,2 sm enində üstdən getmə tikiş ilə tikirlər.
► Köynəkdə yaxalığın işlənməsi və boyun yerinə birləşdirilməsi
Parçanın qalınlığından, sıxlığından asılı olaraq, kişi köynəklərinin yaxalığı cod və yumşaq hazırlanır. Konstruksiyasına görə yatan yaxalıq iki hissədən ibarət və ayrı biçilmiş oturacaqlı olur. Yaxalığın şaxlığını artırmaq üçün ona pambıq parçadan araqatı materialı və yapışqanlı material qoyulur. Yaxalıq iki mərhələdə hazırlanır: yaxalığın işlənməsi və onun geyimə birləşdirilməsi. Yaxalıq geyimə çiyin kəsiyi birləşdirildikdən sonra tikilir. Çiyin kəsiyinin eni bütün parçalarda ilməkləyən maşınla 0,5-0,7 sm, universal maşında isə 0,7-0,8 sm enində götürülür, xüsusi maşında ilməklənir.
Alt və üst koketkalı köynəyin çiyin kəsiyi bir iynəli universal maşında üst tikişlə işlənilir. Üst yaxalıq bir hissəli olduqda onun boyuna yatan kənarı və ucları 0,5-0,7 sm enində universal maşında çevrilən tikişlə, eyni zamanda tikiş payının artığı kəsilməklə birləşdirilir. Yaxalıq pambıq parçadan və ya toxunmayan parçadan ibarət araqatı materialı ilə işlənildikdə o, ara material və ya alt yaxalıq tərəfdən çevrilən tikişlə işlənir. Yaxalığa əlavə material qatı qoyulanda onun kəsiyi ilə əsas araqatı materialının kəsiyi bir-birinə uyğun