Açıq kəsikli qatlama tikiş (Şəkil 1.29. a) qalın parçadan hazırlanan geyimlərdə tətbiq edilir. Belə olduqda hissənin kənarı əvvəlcədən nişanlanmış xətt üzrə içəri tərəfə qatlanır və köklənir, yaxud kökləmədən xüsusi maşınla gizli tikişlə və ya universal maşında basdırılır.
Qapalı kəsikli qatlama tikiş (Şəkil 1.29. b) üst geyimlərin, qadın paltarlarının, köynəklərin tikilməsində işlədilir. Kəsiyin kənarı əvvəlcə 0,5-0,7 sm enində içəri qatlanır, sonra qeyd olunmuş xətt boyu 2-ci dəfə qatlanıb xüsusi və ya universal maşınla basdırılır.
Kəsiyi haşiyələnmiş qatlama tikiş (Şəkil 1.29. c) üst geyimlərin hazırlanmasında tətbiq edilir. Burada hissələrin kəsiyi əvvəlcə ensiz astarlıq parça və ya lent ilə haşiyələnir. Bunun üçün hissənin üz tərəfinə ensiz haşiyə parçası qoyulub kəsiklər bərabərləşdirilir, 0,3-0,4 sm enində tikilir. Tikilmiş haşiyə parçası əsas hissənin içəri tərəfinə qatlanıb tikiş xətti boyunca, üst tərəfdən 0,4 sm enində bəndlənir. Sonra əsas hissə nişanlanmış qatlama xətti boyu qatlanıb köklənir və xüsusi maşınla basdırılır.
Açıq kəsikli haşiyələnmiş tikiş (Şəkil 1.29. ç, d) geyim hissələrinin kənarını, geyimin ətəyini, bortların içəri tərəfini və s. haşiyələmək və bəzək vurmaq məqsədilə işlənilir. Bunun üçün astarlıq parçadan (əsas hissənin rənginə uyğun) 2,5-3,0 sm enində (əriş sapına nisbətən 45°) biçilir. Ensiz haşiyə parçası əsas parça ilə üz-üzə qoyulub 0,3- 0,4 sm enində tikilir. Sonra astar parça ilə birlikdə qatlanıb xətti boyunca baxyalanır.
Qapalı kəsikli haşiyələnmiş tikiş (Şəkil 1.29. e) alt və qadın paltarlarının (boyun yerinin, qol yerinin, düymələmə yerinin və s.) tikilməsində tətbiq olunur. Bu məqsədlə haşiyə parçası bir az enli (5,0-6,0 sm) götürülür. Açıq kəsikli haşiyələnmiş tikiş kimi icra olunur. Ancaq burda haşiyə parçası əsas parçanın hər 2 tərəfində 2 qat qatlanıb tikilir.
Çevrilən tikiş (Şəkil 1.29. ə) yaxalığın, cib qapağının, bortun və geyimlərin başqa hissələrinin kənarlarını, eləcə də qadın geyimlərində ilgəyin işlənilməsində tətbiq olunur. Bu tikiş 397 və 397-M sinif bıçaqlı maşında icra edilir. Bu zaman kəsiyin kənarını tikdikdə artıq parça kəsilib atılır.