Zolaqlı və dama-dama naxışlı parçalardan biçilmiş hissələri düzünə tikişli kökləmə ilə birləşdirirlər, çünkü çəpinə tikişdə nəmlənib-isidilmə prosesində tikiş eninə istiqamətdə dartılma nəticəsində naxışını dəyişə bilər.
► Maşın tikişlərinin təsnifatı
Tikişlər təsnifatına və təyinatına görə birləşdirici, kənar və bəzək tikişlərinə bölünür.
Birləşdirici tikişlərə bərkidici tikiş, açıq tikiş, üst tikişi, yapışdırıcı tikiş, baş-başa tikiş, qapalı tikiş, bağlı tikiş, qoşa tikiş və s. aiddir (Şəkil 1.28).
Bərkidici tikişdə (Şəkil 1.28. a, b) parçanın növündən və texniki tələblərdən asılı olaraq, tikişin eni müxtəlif olur. Üst geyimlərdə və astarda hissələri birləşdirdikdə tikişin eni 1 sm, sapı sökülməyən parçaların hissələrini birləşdirdikdə 0,5 sm, sapı sökülən parçalarda 0,7 sm olur.
Açıq tikiş (Şəkil 1.28. c) birləşdirici və eyni zamanda bəzək tikişidir. Hissələr birləşdirildikdə üz-üzə qoyulub tikilir, sonra kəsik açılır, hər 2 tərəf yenidən bəndlənir və nəticədə, üz tərəfdə bəzək tikişi alınır.
Üst tikiş (Şəkil 1.28. ç, d, e) hissələri birləşdirici və bəzək tikişi hesab olunur. Belə tikişlər palto, kostyum, plaş (yan tikişin, bort, yaxa, yaxalıq kənarı boyu, çiyinin, qolun, dirsək tikişinin üzərindən və s.), eləcə də bütün relyeflərin üzərindən vurulan tikişlərdir. Üst tikiş açıq və qapalı, kənarı açıq ola bilər. Üst tikişləri açıq kəsiklə icra etdikdə hissənin üz tərəfini içəri qatlayıb, kəsikləri bərabərləşdirməklə kəsik boyu tikilir. Sonra tikiş ütü ilə açılır və hissəyə tərəf ütülənib üstündən bəzək tikişi salınır. Bəzək tikişi parçanın üst tərəfindən vurulur. Bəzək tikişinin eni 0,2-2,5 sm olur və məmulatın modelindən asılıdır.
Yapışdırıcı tikiş (Şəkil 1.28. ə, f) ara qatı materiallarının icrasında işlədilir. Bir kəsik o birinin üzərinə 1,0 sm enində qoyulmaqla universal maşınla və ya 26 sinif xüsusi maşında ziqzaq tikişlə birləşdirilir.
Baş-başa tikiş (Şəkil 1.28. g, ğ) iki hissənin kəsiyini birləşdirməklə əldə edilir. Ara materialını, xüsusilə nazik parçadan üst geyimin ara materialını tikdikdə işlədilir. Bu məqsədlə kəsiklərin altına 3-4 sm enində kolenkor, ipək və s. parça qoyub tikirlər. Kəsiklər bir-birinə 26 sinif xüsusi maşında ziqzaq tikişlə birləşdirilir. Bu halda ütüləmə əməliyyatı lazım gəlmir və ara materialının qalınlığı dəyişmir. Baş-başa tikişdə 2-2,5 sm enində yapışqanlı parçadan istifadə edilir. Bu zaman maşın tikişinə ehtiyac olmur. Yapışqanlı parça ütü ilə birləşdirilir.
Qapalı tikiş (Şəkil 1.28. h, x), əsasən, alt paltarı, döşəkağı, yorğanüzü və istehsalat xələti tikilməsində tətbiq edilir. Bu halda hissələr üz-üzə qoyulur, alt hissədə 0,9-1,4 sm, üst hissədə isə 0,4-0,6 sm tikiş payı saxlanmaqla tikilir.
Tikilmiş hissəni üzü aşağı çevirib kəsiyin kənarını içəri qatlayıb, qatlanmış xətdən 0,1-0,15 sm məsafədə qapalı baxya sırası salırlar. Hazır tikişin eni 0,4-0,5 sm olur.