1.4. Müxtəlif növ tikişləri icra edir.
► Əl tikişlərinin növ və təyinatı
Geyim hissələrinin işlənilməsi və onların bir-birinə birləşdirilməsi üçün sapdan, yapışqandan və nadir hallarda qaynaqdan istifadə edilir. Bununla əlaqədar olaraq sap ilə, yapışqanla və qaynaq yolu ilə birləşdirilmə üsulları mövcuddur.
Geyimin kütləvi istehsalında və fərdi sifarişlərlə hazırlanmasında əsas hissələri, əsasən, sapla birləşdirirlər; bu zaman görülən əl işlərinin həcmi çox olur (xüsusilə geyim atelyedə hazırlanan halda).
Tikiş məmulatı hissələrinin və onların hissəciklərinin bir-birinə sap ilə birləşdirilmə üsulunda müxtəlif tərkibli liflərdən alınan saplar vasitəsilə əl ilə, yaxud maşında tikirlər.
Tikiş - sap ilə tikmə üsulunda iynənin material üzərində açdığı iki deşik arasında sapın hörülməsindən alınan strukturun bir elementidir. Tikiş elementinin ardıcıl sırası baxya tikişini əmələ gətirir.
Tikişin uzunluğu materialın üz tərəfində sapın uzunluğu və ara məsafəsi ilə müəyyən edilir. Bu tikişin növü və işlənilən materialın qalınlığından asılı olur. Yerinə yetirilmə üsulundan asılı olaraq, əl və maşın tikişləri var. Tikiş alınmasında müxtəlif miqdarda sap iştirak edə bilər. Bununla əlaqədar tikişin quruluşu da müxtəlif olur.
Bütün tikişlər düz və eynicinsli olmalı, həm avand, həm də tərs tərəflərində aralarındakı məsafə eyni olmalı, sapları bərabər tarımlıqlı çəkilməlidir.
Geyim hazırlanmasında düz tikişdən daha çox istifadə edilir. Belə tikişdən, əsasən, məmulatı bədənə ölçüb-uyğunlaşdırdıqda, maşında tikmək üçün hazırladıqda, habelə məmulatı bədənə uyğunlaşdırdıqda çəkilmiş tabaşir xətləri və nişanlarını sapla bəndləmək, büzmə əmələ gətirmək və s. üçün istifadə olunur.
Tikiş əmələ gətirmək üçün iynəni azca maili tutaraq yuxarıdan aşağıya doğru parçaya batırıb o biri üzə keçirirlər, iynəni qabağa itələyərək həmin mailliklə aşağıdan yuxarıya doğru parçadan çıxarırlar.
Düz tikişlər aşağıdakı tikiş növlərinin alınmasında iştirak edir: təpçimə tikişi, kökləmə tikişi, köçürmə tikişi və büzmə alınması üçün tikiş.
Təpçimə tikişi düzünə sırımaqla alındığı üçün asanlıqla sökülür (Şəkil 1.23). Belə tikiş növü, əsasən, məmulatı bədənə ölçüb-uyğunlaşdırmaq, hissələri bir-birinə müvəqqəti birləşdirmək üçün, eləcə də maşında tikmək üçün hazırlayanda tətbiq edilir.
Təpçimə tikişini yerinə yetirmək üçün iki hissəni üz tərəfləri içəri olmaqla cütləyib, kənarlarına, yaxud nişanlanmış xətlərə görə düzəldərək qeyd olunmuş xətt üzrə, yaxud xətdən eyni məsafədə düz tikiş getməklə birləşdirirlər.
Təpçimə tikişi iki hissəni birləşdirdikdə hər iki hissə eyni dərəcədə dartılmalı, yəni hissələrin heç birində yığılma alınmamalıdır. Bu zaman düz tikişin uzunluğu parçanın qalınlığından, məmulatın təyinatından asılı olub, 0,5-2,5 sm həddində dəyişə bilər.