Hazırda çiyin geyimlərinin hazırlanmasında yapışqan materiallardan geniş istifadə edilir. Aşağıda göstərilən yapışqan və appretirləmə ara materialının tətbiq edilməsi yüngül geyimlərin yaxalıqlarına, manjetlərinə və digər hissələrinə dayanıqlı forma və gözəl görünüş verir:
Bunlardan bir neçəsinin xarakteristikasına qısaca olaraq nəzər salaq.
Nöqtəli polietilen örtüklü yarı sərt ara materialı - pambıq parçadan (bez, yaxud madapolam) ibarət olub, bir tərəfinə yüksək təzyiq altında polietilen tozu çəkilmişdir. Yaxalığa, manjetə, kəmərə və digər hissələrə əlavə qat yapışdırılmasında tətbiq edilir.
Yaxalıq üçün aralıq materialı - bütöv polietilen örtük çəkilmiş, ağardılmış, yığışmayan mitkaldan ibarətdir. Bir tərəfinə yüksək təzyiq altında başdan-başa polietilen tozu çəkilmişdir. Yaxalıq, manjet, qapaq, cib, kəmər və digər hissələrdə aralıq materialı kimi tətbiq edilir.
"Hörümçək toru” tipli yapışqan örtüklü toxunmayan ara materialı - toxunmayan lifli xolstdur; tərkibindəki termoplastik liflər öz aralarında birləşərək sistemsiz yerləşmişdir. Aerodinamik üsul iki növdə hazırlanır: poliamidli (yun parçadan hazırlanan məmulatlar üçün) və polietilenli (pambıq və kətan parçadan hazırlanan məmulatlar üçün). Məmulatın ətəyinin və qolunun ağzının qatlanma paylarının yapışdırılmasında tətbiq edilir.
Yapışqan sap - sintetik termoplastik polimerlərdən alınmış 0,3-0,5 mm qalınlığında monoliflərdən ibarətdir. İki üsul ilə hazırlanır: yüksək təzyiqli polietilendən - yuyulabilən məmulatlar üçün və poliamid qatranından - ancaq kimyəvi üsulla təmizlənəcək məmulatlar üçün. Yapışqan sap məmulatın kənarlarının (ətəyinin, qolun ağzının və s.) bərkidilməsi üçün tətbiq edilir.
Göstərilən ara materiallarının tətbiqi ilə hazırlanan məmulatların yüksək keyfiyyətli olması onlardan düzgün istifadə olunmasından asılıdır.
Yapışqanlı materiallardan yaxalığı, manjeti və qapaqları həmin hissələrin formasında tikiş payı saxlamadan elə biçirlər ki, kəsikləri bir-birinə tikəndə ara materialı 0,1- 0,2 sm enində tikişin altına düşsün. Hissənin kəsiklərini tikməzdən əvvəl ara materialını yapışqanlı tərəfi hissənin daxili tərəfinin tərs üzünə olmaqla yerləşdirirlər (məsələn: alt yaxalığa, qapaqaltıya, kəmərin alt tərəfinə, alt manjetə və s.) və ütü ya pres vasitəsilə yapışdırırlar.