1.2. Modelə uyğun materialı müəyyən edir.
► Modelə uyğun parça seçimi
Qadın köynəklərinin hazırlanması üçün müxtəlif növ parçalardan istifadə olunur. Bunlara atlas, pambıq, kətan, batist, ipək, ştapel, güpür, poplin və s. daxildir (Şəkil 1.6).
Əsasən, yay fəslində təbii liflərdən toxunmuş parçalardan hazırlanmış köynəklərə üstünlük verilir. Məsələn, pambıq lifindən müxtəlif toxunma üsulu ilə alınan mitkal, vual, markizet, poplin kimi parçalardan çox gözəl, rahat köynəklər hazırlana bilər. Belə köynəklər uzunömürlü olur, həm estetik, həm də gigiyenik cəhətdən çox əlverişlidir.
Atlas - səthi hamar və parıltılı parçadır. Bu parça ilk dəfə Çində təbii ipəkdən hazırlanıb. Parçaya xas parıltını sapların xüsusi toxunma texnikası verir, belə ki bir əriş sapı beş arğac sapının altından keçir. Atlas parçadan hazırlanan köynəklər, əsasən, təntənəli günlərdə geyinmək üçün nəzərdə tutulur. Belə köynəklər çox rahat, incə görünüşlü olur.
Atlas köynəklərin üstün cəhətləri aşağıdakılardır:
Köynəklərin hazırlanmasında süni parçalardan da istifadə olunur. Belə parçalardan ən geniş yayılmışı viskozdur. Viskoz lifi üçün əsas xammal sellülozdur. Sellüloz isə ağacdan alınır. Viskoz köynəkləri ilin bütün fəsillərində geyinmək olar, çünki belə köynəklər çox yumşaq, yüngül, rahat, havanı və rütubəti özündən keçirmə qabiliyyətinə malikdirlər.