Pambıq parçadan hazırlanan xüsusi və idman şalvarlarının oturacaq kəsiyi qapalı və ya bağlı tikişlə, qısa şalvarlarda isə bərkidici-ilməkləyici tikişli maşında işlənilə bilər.
Kəmər kəsiyi ardıcıl-paralel üsulla işlənildikdə kəmər və korsaj eyni vaxtda birləşdirilir.
► Şalvar balağının işlənilməsi
Şalvar balağının qatlanma payının işlənilməsi üçün onun sağ və sol balağı üst-üstə qoyulur, addım və yan tikişləri bərabərləşdirilir. Miyança yerinin kənarı, kəmərin yuxarı kənarı və şalvarın orta tikişi düzəldilərək səliqəyə salınır. Balağın kəsiləcək yeri və qatlanma payının xətləri addım və yan tikişləri tərəfdən ülgü vasitəsilə qeyd edilir. Artıq yerlər həmin xətt boyu qayçı və ya xüsusi aparatla, ya da mexanikləşdirilmiş bıçaqla kəsilir. Dəqiq biçimdə və işlənilmə prosesində texnologiyanın tələbi tam gözlənildikdə şalvarın balağını kəsməyə (hamarlamağa) ehtiyac qalmır.
Balaq kəsiyindəki sapların sökülməməsi üçün o, ilməklənir (Şəkil 3.21 c) və ya köbə ilə haşiyələnir. Balağın möhkəmliyini artırmaq üçün onun qatlanma payına dairə boyu xüsusi tesma tikilir (Şəkil 3.21, a, b, c). Bu zaman o, balaqdan 1-2 mm kənara çıxmalıdır. Addım kəsiyində qalınlıq alınmasın deyə tesmanın ucu addım kəsiyindən 10-15 mm arxa hissə tərəfdən başlanmalıdır. Tesmanın ucları 10-15 mm uzunluğunda üst-üstə qoyulur, 5-7 mm içəri qatlanır və düzbucaqlı şəklində tikilir. Qatlanma payının kəsiyi qeyd edilən xətdən gizli tikişli xüsusi maşında içəri tərəfdən basdırılır. Balaq kəsiyi xüsusi tesma (və ya köbə) ilə işlənildikdə onun yuxarı kənarındakı basdırma əməliyyatı da kəsiyi ilməklənən balaqda olduğu kimi aparılır. Köbə astarlıq parçadan qoyulduqda 5-6 mm enində çevrilən tikişlə işlənilir. Sonra köbənin kəsiyi 7 mm içəri qatlanır və gizli tikişli xüsusi maşında basdırılır.