Şalvarın yan və addım kəsikləri, kəmər kəsiyi və çərtikləri bərabərləşdirilməklə qabaq hissə tərəfdən bərkidici tikişlə 10 mm enində tikilir. Parçada üfüqi (düz biçimli geyimlərdə) naxış olduqda, diz xəttindən aşağı qabaq və arxa hissədə onların simmetrikliyi gözlənilməlidir. Şalvarın əsas kəsiklərinin bərkidici tikişlə və sonradan hazır hissəni dəst halında yığan yarımavtomat maşında işlənilməsi məsləhətdir. Bu halda məmulatın keyfiyyəti yaxşılaşır, əmək məhsuldarlığı artır. Bundan başqa, yarımavtomat maşını istifadə etdikdə şalvar balağının kəsiklərini hamarlamağa ehtiyac qalmır. Bu halda yan və addım tikişi işlənməzdən əvvəl tesma yalnız arxa hissənin balağına tikilir.
Tikiş ütü, PPU-1-02+PBŞ-Q+UP-1 və ya başqa markalı xüsusi yastıqlı preslə açılır.
Pambıq parçadan hazırlanan xüsusi və idman şalvarlarının addım kəsikləri 7-8 mm enində tikilir, eyni zamanda kəsik ilmələnir, bağlı və yaxud qapalı tikişlə, ya da bayağı tikişli xüsusi maşında bağlı kəsikli yapışdırıcı tikişlə icra edilir.
Kəmər birləşdirilməzdən əvvəl işi asanlaşdırmaq üçün eyni zamanda yan cibin, saat cibinin və qabaq hissənin astarı (astarlı şalvarda), eləcə də onun qasmaları qabaq hissənin bel kəsiyinə 5 mm enində tikilir. Yun parçadan hazırlanan kişi şalvarlarının kəmərini korsaj lenti ilə işlədikdə 852x32 sinif ikiiynəli maşından, şalvar pambıq parçadan olduqda isə 852x38 sinif ikiiynəli xüsusi maşından istifadə edilir (Şəkil 3.19, a). Bunun üçün kəmər, korsaj lenti və ya astar qabaqcadan kasetə dolanmalıdır. Kəmərin yuxarı və aşağı kəsiyi xüsusi tərtibatın köməyi ilə 7-10 mm enində içəriyə qatlanır (Şəkil 3.19, b, tikiş - 1). Kəmər, korsaj lenti (və ya astar) və kəmər körpüsünün (əgər modeldə varsa) ucları 2-4 mm boşluq payı saxlamaqla bel yerinə eyni zamanda tikilir. Kəmərdən astar tərəfə 1-2 mm enində kant alınır (Şəkil 3.19, a, b). Kəmər astarlıq parça ilə hazırlandıqda astarın yuxarı və ya aşağı kəsiyi kəmərin özü kimi içəri qatlanır. Kəmərin ucu 7 mm enində çevrilən tikişlə işlənilir və üz tərəfə çevrilərək ütülənir. Bu halda çevrilən tikiş kəmərin (uzununa istiqamətdə) ortasına düşməlidir. Bundan sonra kəmərin ucu 2 mm məsafədə iki irəli-geri tikişlə universal maşında bərkidilir, yaxud ona xüsusi bəndləyici maşında bənd vurulur. Kəmərin bir ucunda, modeldə nəzərdə tutulduğu halda isə hər iki ucunda ilgək açılır (Şəkil 3.19, a). Kəmər şalvarın bel kəsiyinə tərəf yatırdılır. Kəmərin yuxarı kəsiyi 7 mm enində içəriyə qatlanır, üzərinə korsaj lenti qoyulur və yuxarı tərəfdən 1 mm aralı tikilir. Kəmərdən 1-2 mm enində kant düzəldilərək kəmər tikişindən 2 mm yuxarı üz tərəfdən baxyalandıqda korsaj lentinin aşağı kəsiyi də ona birləşir (Şəkil 3.19, b, tikiş - 5). Kəmərin ucları ikiiynəli maşında birləşdirilən kəmərdə olduğu kimi işlənilir.