Düymə yerinin astarı qabaq hissədən və ya düymə yerinin tikişindən 1 mm aralı bəndlənir.
Düymə yeri araqatı materialı işlədilmədən hazırlandıqda astar içəri tərəfə qatlanır, ütülənir və astarla birləşən tikişindən 1-2 mm məsafədə (astarla düymə yerinin arasına araqatı materialı qoyulmaqla) baxyalanır. Ağ parçadan olan şalvarlarda düymə yeri araqatı materialı işlətmədən də hazırlanır.
► Kəmərin bel kəsiyinə birləşdirilməsi
Şalvarın kəməri astarla və astarsız korsaj lenti və araqatı materialı ilə hazırlanır. Astarlıq kimi açıq rəngli pambıq və ya ipək parçadan istifadə edilir. Kəmərin şaxlığını artırmaq və astarına möhkəmlik vermək üçün ona kətan və ya bez parçadan araqatı qoyulur. Bunun üçün modelə müvafiq olaraq şalvarın kəməri calaqla biçilir. Astar bir və ya iki hissədən ibarət olur.
Pambıq parçadan tikilmiş şalvarın astarı əsas parçanın özündən də ola bilər. Şalvarın beli ayrı biçilmiş kəmərlə işlənildikdə, əsasən, xüsusi korsaj tesmadan istifadə edilir. Yaxud əvvəlcədən xüsusi hazırlanmış korsajdan (astarla və araqatı materialı ilə birlikdə hazırlanmış) istifadə olunur.
Kəmərin uzunluğunu tənzimləmək üçün rezin lentdən və kəmərcikdən də istifadə edilir. Bunun üçün şalvarın kəməri biçiləndə onun calaq tikişi modelə müvafiq olaraq arxa hissənin xiştək tikişinin bərabərində, qabaq hissənin xiştək və qasma səviyyəsində və yan tikişdə müəyyənləşdirilir.
Calaqlar kəmərə 7 mm enində tikişlə calanır. Bu halda kəmərin və calaqların naxışları (əgər varsa) bir-birinə uyğunlaşdırılır, calaq tikişi açılır və ondan 2 mm aralı bəndlənir. Bəndləmə tikişi salındıqda kəmərin içəri tərəfindən onun enində 30 mm uzunluğunda əsas parçadan hissə qoyulur.
Kəməri şalvarla birləşdirdikdən sonra kəmər calağının tikişi kəmərciyin eni qədər sökülür və kəmərciyin tikilməsi üçün yer açılır.
Kəmərin calağında kəmərcik üçün açıq yeri kəmərdə ilgək açmaqla da işləmək olar. Bu halda xüsusi maşında ilməklənmiş ilgəyin uzunluğu kəmərciyin eninə bərabər olmalıdır. İlgək ilməkləndikdə möhkəmliyini artırmaq üçün ona içəri tərəfdən pambıq parçadan nazik hissə (bez, kolenkor) qoyulur. Onda parça qırığının əriş sapı ilgəyin açıqlığına paralel yönəlməlidir. Rezin lentli kəmərcik şalvarın içəri tərəfinə çıxarılmalı olduqda kəmərin astarında müəyyən edilmiş yerdə ilgək ilmələnir.
Rezin lentli kəmərcik kəmərdəki açıqlıqdan keçirilərək orta tikişə dörd irəli-geri tikişlə bəndlənir.
Kəmər şalvarın bel kəsiyinə ikiiynəli xüsusi maşında birləşdirildikdə əvvəlcə ilməkləyici və ya universal maşında 4-5 mm enində seyrək tikişlə, yarım kəmər hissələri və ya bu məqsədlə biçilən bütöv kəmər lent kimi birləşdirilir. Pambıq parçadan olan şalvarların yarım kəmərlərinin orta kəsiyi azı 10 mm tikiş payı saxlamaqla tikilir.