Düymə yeri şalvarın sağ qabaq hissəsinə, miyançanın aşağı hissəsindəki çərtiyə müvafiq olaraq yerləşdirilib bərkidici-ilməkləyici maşınla calanır (Şəkil 3.15, tikiş - 3).Sonra şalvar çevrilir, düymə yeri astarı səliqə ilə 2 mm enində tikişlə baxyalanır (tikiş - 4). Bu əməliyyat şalvarın kəməri işlənildikdən sonra icra edilir.
Şalvarın orta kəsiyi bərkidici tikişlə işləndikdən sonra zəncirbəndin aşağı tərəfindəki ucundan (xüsusi tərtibatın köməyi ilə) zəncirbəndə bənd keçirilir, sonra zəncirbəndin tağları bir-birinə bəndlənir və zəncirbəndin bəndi aşağı-yuxarı hərəkət etdirilməklə keyfiyyəti yoxlanılır.
► Cins parçadan hazırlanan şalvarda düymələnmə yerinin zəncirbəndlə işlənilməsi
Düymələnmə yerini bu variantda işlədikdə zəncirbənd yığılmış, qulfik və düymə yeri isə ayrı biçilmiş halda olur. Bəndin tesmasının kənarından 3 mm məsafədən iki iynəli maşınla baxyalanır. Düymə yeri uzununa iki qatlanır, kəsikləri bərabərləşdirilir, həmin kəsiyin üzərinə zəncirbənd üzü aşağı qoyulur və birlikdə ilməklənir. İlməkləməni asanlaşdırmaq üçün zəncirbəndin bəndi lazımi istiqamətdə hərəkət etdirilir (Şəkil 3.16, a). Sonra qulikin xarici kəsiyi ilməklənir. Düymə yerinə calanmış zəncirbənd çərtiyə müvafiq olaraq ilgək yeri ilə üz-üzə qoyulur, ilgək yerinə tikiləcək zəncirbənd iki iynəli maşınla tesmanın kənarından 3 mm məsafədən baxyalanır (Şəkil 3.16, b).
Düymə yeri şalvarın sağ qabaq hissəsinə tərtibatlı universal maşınla 2 mm enində kəsiyi qapalı qatlama tikişlə baxyalanır (Şəkil 3.16 c, tikiş - 1). İlgək yeri şalvarın qabaq hissəsinin sol tərəfinə eni 2 mm olan qapalı kəsikli yapışdırıcı tikişlə calanır (tikiş - 2), düymələnmə yerində kəsiyin çərtiyi dəqiqləşdirilir və şalvarın sol qabaq hissəsində ilgək yerinin üst bəzək tikişinin (baxyasının) yeri müəyyənləşdirilir. Düymə yeri içəri tərəfə qatlanır, iki iynəli maşınla bəzək tikişi ilə baxyalanır (tikiş - 3).
Qabaq hissələrin orta kəsikləri şalvarın sol qabaq hissəsinin kəsiyini qatlamaqla iki iynəli maşınla yapışdırıcı tikişlə birləşdirilir (tikiş - 4). Miyançanın sonuna üz tərəfdən bəndləyici maşınla iki bənd vurulur (tikiş - 5).