İlgək yeri və düymə yeri ayrı biçilmiş düymələnmə yerində zəncirbənd lenti bu ardıcıllıqla (Şəkil 3.14) işlənilir: rulondan (və ya hazır zəncirbənd) yönəldici vasitəsi ilə gələn zəncirbənd qulfikin üz tərəfinə üzü aşağı baxyalanır (Şəkil 3.14, a), zəncirbəndin o biri tağı düymə yerinin içəri kəsiyinə üzü yuxarı universal maşınla baxyalanır (Şəkil 3.14, b, tikiş - 1). Sonra zəncirbənd açılır (aralanır), düymə yeri astarının içəri kəsiyi parça olmayan ara materialı ilə birlikdə haşiyələnir (Şəkil 3.14, tikiş - 2). Düymə yeri xarici kəsiyi astarla çevrilən tikişlə işlənilir (tikiş - 3). Sonra çevrilərək tikiş səliqəyə salınır, düymə yerindən 1-2 mm enində kant əldə etməklə baxyalanır (tikiş - 4).
Şəkil 3.14. Ayrı biçilmiş ilgək və düymə
yerinin zəncirbəndlə işlənilməsi |
Şəkil 3.15. Ayrı biçilmiş ilgək və düymə
yerinin zəncirbəndlə yığılması |
Düymələnmə yerində hissələr aşağıdakı ardıcıllıqla birləşdirilir: şalvarın sol qabaq hissəsinə tərtibatın köməyi ilə ilgək yeri zəncirbəndin tesması ilə birlikdə 2 mm enində eyni vaxtda calanır (Şəkil 3.15 tikiş - 1). Tesma eyni zamanda calandığı üçün ilgək yerinin calanma tikişinin sonradan baxyalanmasına ehtiyac qalmır. İlgək yerinin qalınlığını azaltmaq üçün onun calanma tikişi ütülənib açılır və ütülənərək yatızdırılır. İlgək yerinin üzərindən vurulan bəzək baxyası kəməri kəmər yerinə birləşdirildikdən sonra icra edilir (Şəkil 3.15, tikiş - 2).