Əgər düymə yeri bir qat astarla işlənilmiş olarsa, düymə altını möhkəmlətmək üçün astarın içəri qatlama payını enli götürmək lazımdır ki, o, düymənin altına düşsün. Astarın içəri qatı qabaq hissəyə kəmər kəsiyindən çərtiyə kimi baxyalanır (tikiş - 2).
Düymə yeri qabaq hissədə astarla bütöv biçildikdə (Şəkil 3.12, b) astarın qatlanma payı çərtikdən içəri tərəfə qatlanır və onun içəri kəsiyi də içəri qatlanaraq şalvarın qabaq hissəsinə baxyalanır. Bu əməliyyat qatın çərtiyə müvafiq dəqiq qatlanması yoxlanıldıqdan sonra icra edilir.
► Şalvar miyançasının zəncirbəndlə işlənilməsi
Bu üsulun tətbiqi texnoloji əməliyyatın azalmasına geniş imkanlar yaradır. İlgəkyeri və düymə yeri hazırlamağa, ilgək açmağa və düymə tikməyə maşın tələb olunmur. Bunun sayəsində istifadə olunan parça qatının sayı azalır, qovşaqlar nazikləşir və iqtisadi fayda əldə edilir.
Şalvarın qabaq hissəsində ilgək yeri və düymə yeri ayrı və ya bütöv biçildikdə də zəncirbənddən istifadə edilir. İndi, əsasən, şalvarın miyançasında ilgək yeri, düymə yeri və qabaq hissədə cibin köbəsi bütöv biçilir. Elə bu səbəbdən də bu növ biçim konstruksiyası texnologiyalı hesab olunur.
Qabaq hissədə ilgək yeri və düymə yeri bütöv biçilən miyançanın zəncirbəndlə işlənilməsi şəkil 3.13-də göstərilmişdir. Zəncirbəndin tərəfləri ayrı-ayrılıqda ilgək yerinə və düymə yerinə baxyalanır (tikiş - 1 və 2). Yaxud sağ tərəfdə düymə yerində kəmər kəsiyindən miyançanın aşağı hissəsindəki çərtiyə qədər düymə yeri payında dərinliyi 4-5 mm