Əgər düymə yeri hazırlanarkən astar əvəzinə korsaj lentindən istifadə olunarsa (Şəkil 3.11 c), onda düymə yeri xarici kəsiyi çevrilən tikişlə (tikiş -1), onun aşağı qövsvari kəsiyi ilməklənməklə işləniləcəkdir (tikiş - 2).Düymə yerinin xarici kəsiyini korsaj lentə yapışdırıcı tikişlə də baxyalamaq olar.
Ayrı biçilmiş düymə yeri şalvarın sağ qabaq hissəsinə, düymə yeri tərəfdən kəmər kəsiyindən başlayaraq (kəmər kəsiklərini bərabərləşdirməklə) çərtiyə kimi calanır, bu halda düymə yeri astarı kənarlaşdırılır (Şəkil 3.11, b, tikiş - 3). Düymə yerinin calama tikişi ütülənib açılır (Şəkil 3.11, b, c) və ya ütülənib yatızdırılır (Şəkil 3.11 c). Düymə yeri astarını bəndləmək üçün düymə yeri tərəfdən və ya qabaq hissədən astarı düzəltməklə aşağıya kimi baxyalanır (Şəkil 3.11 b, c, tikiş - 4).
Şalvarın qabaq hissəsində düymə yeri bütöv biçildikdə və ya düymə yeri astarı da qabaq hissə ilə birlikdə biçildikdə aşağıdakı ardıcıllıqla işlənir: düymə yeri payının xarici kəsiyi astarlıq parçadan olan bir və ya iki qat qatlanmış köbə ilə çevrilən tikişlə işlənilir (Şəkil 3.12, a, b, tikiş - 1), yaxud universal maşınla qapalı kəsikli yapışdırıcı tikişlə birləşdirilir.