İlgək yerinin astarı qabaq hissə ilə birlikdə (bütöv) biçilə bilər (Şəkil 3.10, b, c, ç). Belə olduqda qulfikin xarici kəsiyi çərtikdən qabaq hissənin üz tərəfinə qatlanır (Şəkil 3.10 b) və ilgəklər ilməkləndikdən sonra (tikiş - 1) o ikinci çərtikdən yenidən üz tərəfə qatlanır (Şəkil 3.10, c) və ilgəklərə paralel astarla ilgək yeri universal maşında ilgəklərin arasından 7-10 mm uzunluğunda irəli-geri tikişlə bir-birinə bəndlənir (tikiş - 2). Bu halda astarın xarici kənarı ilgək yerinin kənarından 5 mm qırağa çıxmalıdır. Sonra hazır ilgək yeri qabaq hissənin içəri tərəfinə qatlanır və ütülənir. Kəmər kəsiyində işlənmiş ilgək yeri və astar 5 mm enində tikişlə bəndlənir (Şəkil 3.10, ç, tikiş - 3), sonradan (düymələnmə yeri hazır olduqdan sonra) miyança baxyalanır (tikiş - 4).
İlgək yerini qabaq hissənin diz astarı ilə birlikdə də icra etmək olar (yüksək qruplu parçadan tikilən şalvardan başqa). Belə olduqda astar qabaq hissəyə ilgək yeri hazırlandıqdan sonra birləşdirilir. İlgək yerinin xarici kəsiyi qabaq hissənin sol tərəfinin astarı ilə qabaq hissənin çərtiyinə qədər 4-5 mm enində qapalı kəsikli üst tikişlə, əsas parçadan 1,5 mm enində kant əldə edilməklə tikilir. İlgək yeri ütülənir və ilgəkləri yuxarıda göstərildiyi kimi ilməklənir.
Pambıq parçadan hazırlanan xüsusi və idman şalvarlarında ilgək yeri astarla, şalvarın qabaq hissəsi ilə birlikdə və ya astarsız biçilə bilər.
Düymə yerinin işlənilməsi. Düymə yeri calaqlı olduqda 7 mm enində tikişlə calanır, tikiş açılıb ütülənir. Düymə yerinin möhkəm olması üçün ona yapışqanlı ara materialı və ya astar qoyulur, yaxud da korsaj lenti ilə işlənir. Ara materialı ilə astarın içəri kəsiyi birlikdə ilməklənir (Şəkil 3.11, a) və ya düymə yeri astarla çevrilən tikişlə birləşdirilir (Şəkil 3, 11 b, tikiş - 1). Düymə yeri xarici və aşağı kəsiyi astarla çevrilən tikişlə düymə yeri tərəfindən işlənilir (Şəkil 3.11 a, tikiş - 2). Aşağı küncdəki tikiş payını 3 mm saxlamaqla artıq hissə kəsilir. Çevrilən tikişlə işlənilmiş düymə yeri üz tərəfə çevrilir, əsas parçadan kant əldə etməklə ütülənilir.