► Şalvarın miyançasının işlənilməsi
Şalvarın kəmər yerini işləmək üçün əvvəlcə miyança işlənilməlidir. Miyança, əsasən, şalvarın qabaq hissəsində olur. Bəzi modellərdə miyança yan tikişdə də yerləşdirilir. Miyançanın işlənilməsi üçün ilgək yeri (qulfik) və düymə yeri hazırlanır. Qulfik qabaq hissənin sol, düymə yeri isə sağ tərəfinə tikilir. Bu əməliyyatları aparmadan düymələnmə yeri zəncirbəndlə işlənilir.
İlgək yerinin hazırlanması. İlgək yeri calaqlı olduqda 7 mm enində tikilir, sonra tikiş açılaraq ütülənir və səliqəyə salınır. İlgək yeri xarici kəsiyi boyu çevrilən tikişlə universal maşında (xüsusi tərtibatla) əsas parçadan 1,5 mm kant almaq üçün kəsik 4-5 mm enində içəri qatlanaraq baxyalanır (Şəkil 3.10, a, tikiş - 1).
Qulfik adi qaydada hazırlandıqda xarici kəsiyi boyu astarla üz-üzə qoyulub çevrilən tikişlə 4-5 mm enində işlənir, sonra çevrilərək səliqəyə salınır və astar tərəfdən 2 mm məsafədə, əsas parçadan 1,5 mm enində kant alınmaqla baxyalanır. İlgək yeri üzərində köməkçi ülgü ilə ilgəklərin yeri və yönəlişi qeyd edilir. İlgək ilgək yerinin qırağından 10 mm aralı xüsusi maşında ilməklənir (tikiş - 2), ilgəyin yönəlişi ilgək yerinin kənarına nisbətən maili, yaxud ona perpendikulyar olur. İlgəyin uzunluğu düymənin diametrindən 5 mm artıq olmalıdır. İlgəyi tərtibatın köməyi ilə, onun yerini qeyd etmədən də ilməkləmək olar.
Şalvarın qabaq hissəsinin sol miyança kəsiyinə çevrilən tikişlə astar calanır və eyni zamanda haşiyə qoyulur (tikiş - 3). Kənar ütülənib yatızdırılır və əsas parçadan 4-5 mm enində kant alınır. Sonra hazır qulfikin astarlı tərəfi miyança astarının üzərinə elə qoyulur ki, o qulfikin tikilməmiş (içəri kəsiyi) kənarından 4 mm qırağa çıxmış olsun. Bundan sonra ilgək yerinin içəri kəsiyi miyançanın astarı ilə birlikdə universal maşında tərtibatın köməyi ilə haşiyələnir (Şəkil 3.10 a, tikiş - 5) və ya ilgək yerinin içəri kəsiyi xüsusi maşında ilməklənir (Şəkil 3.10 b). Bu əməliyyatı miyançanın astarı ilə birlikdə 4 mm enində çevrilən tikişlə də yerinə yetirmək olar. Sonra hazır ilgək yeri astar tərəfdən ütülənir. Bəzək tikişi şalvara kəmər kəsiyindən başlayaraq əsas parçanın üstündən salınır (tikiş - 6).