► Şalvarın əsas hissələrinin işlənilməsi
Konstruksiyasına görə şalvar kəmərlə, ilgək yeri və düymə yeri ilə birlikdə biçilən və ayrı biçilən, yan tikişli və yan tikişsiz (arxa və qabaq hissəsi bütöv biçilən), balağı manjetli və manjetsiz, cibləri müxtəlif yönəlişdə olur. Şalvarın əsas hissəsinin işlənilməsinə: xiştəklər, qasmalar və nəmlənib-isidilmə əməliyyatı daxildir. Şalvarın qabaq hissəsi müxtəlif fasonda hazırlanır: bir və ya iki xiştəkli, yaxud qasmalı olur. Bəzi modellərdə xiştəklə işlənən zaman şalvarın sol tərəfində saat cibi tikilir. Şalvarın qabaq hissəsinin kəsiyi ütülənir, yığma və qasma isə bir tərəfə yatırdılır.
Kişi yun şalvarının qabaq hissəsinə diz yerinin dartılmasının və tez süzülüb yırtılmasının qarşısını almaq üçün ipək astarlıq parçadan astar salınır. Pambıq parçadan hazırlanan şalvarın qabaq hissəsinin diz yerinə astar qoyulmur. Astarlıq parça şalvarın qabaq hissəsinin diz sahəsində üzdən 5-10 mm ensiz və balaqdan 150-200 mm qısa biçilir. Astarın balaq kəsiyi iki dəfə: əvvəlcə 7 mm, sonra isə 10 mm enində içəri qatlanır. Birinci qatlamanın kənarından 1-2 mm aralı universal maşında baxyalanır və ya qatlanmadan xüsusi maşında ilməklənir, yaxud astarın balağı xüsusi tərtibatla 4 mm dərinlikdə ziqzaqşəkilli kəsilir (Şəkil 3.8 a). Qabaq hissəyə sahnan astarlıq parçanın sonra qısalmaması (əməliyyat zamanı və geyiləndə) üçün o, nəmlənib ütülənir, ya da Cs-371 KM+12-20 markalı düz yastıqlı universal presdə dekatirovka əməliyyatı aparılır. Qabaq hissənin sol tərəfində (əgər konstruksiyada varsa) miyança kəsiyindən 7-10 mm aralı yapışqanlı haşiyə qoyulur. Yapışqansız haşiyə isə astarla qabaq kəsiyin çevrilən tikişi ilə birlikdə azacıq dartılmaqla tikilir. Bu iş elə görülməlidir ki, haşiyənin ucu miyança çərtiyindən 20 mm aşağı düşsün. Haşiyəni miyançanın yalnız qövsvari hissəsinin kənarına qoymaq olar. Belə olduqda haşiyənin ucu çərtikdən 30-50 mm yuxarıya keçməlidir.
Astar şalvarın qabaq hissəsinin içəri tərəfinə tərs üzü içəri olmaqla qoyulur. Kəsiklər bərabərləşdirilir, qabaq hissənin yan və addım kəsikləri astarla birlikdə xüsusi maşında ilməklənir. Cib yan tikişdə olduğu halda onun yan kəsiyi balaqdan cibin alt çərtiyinə qədər sağ addım kəsiyi tam, sol addım kəsiyi isə düymə yeri kəsiyinə qədər ilməklənir.
Astarın bel yeri kəsiyində qabaq hissənin xiştək və qasmalarına müvafiq qasma əldə edilir və bəndlənir (Şəkil 3.8). Konstruksiyaya uyğun astarla qabaq hissələrin kəsiklərini ilməklədikdə yan və addım kəsiyinin yuxarısında, bütün eni boyu astardan 10 mm dərinliyində boşluq payı, yəni qasma qoyulur (Şəkil 3.8 b) və yaxud da astar qabaq hissəyə oturdurulur.