Əgər qabaq hissənin qatlanıb ütülənmə xətti yan tərəfə düşürsə (Şəkil 3.61), bu, qabaq hissədə miyança kəsiyinin qısa və arxa hissələrin sağrı səviyyəsində ensiz olduğunu göstərir. Bu qüsuru ülgü çertyoju qurulanda omba qabarıqlığının böyüklüyünün və ya qılçaların sıfırabənzər olmasının, yaxud əyripəncəliyin nəzərə alınmaması nəticəsində əmələ gəlmişdir. Bunun üçün qabaq hissədə addım kəsiyini dərinləşdirmək və oturacaq kəsiyini uzatmaq lazımdır. Ehtiyat parça balaq xəttində həmin ölçüdə aşağı düşür (Şəkil 3.61). Şalvarın arxa hissəsi sağrı səviyyəsində enliləşdirilir, miyança (qabaq) və orta kəsiklər dərinləşdirilir.
Qabaq hissənin qatlanıb ütülənmə xətti içəri tərəfə düşmüşdür (Şəkil 3.61). Bu qüsur qabaq və orta kəsiklər lazımi dərinlikdə tikilmədikdə, qıçlar kənara doğru əyildikdə və iksəbənzər (x) forma olanda əmələ gəlir. Onda orta kəsiyi uzatmaqla və bel yerində artıq qalmış parçanı kəsib atmaqla bu qüsuru aradan qaldıra bilərik.
Əgər şalvar arxa hissədə, kəmərdən aşağı büzüşürsə (Şəkil 3.61), bu, onu göstərir ki, oturacaq kəsik uzundur və omba sahəsindəki arxa hissə ensizdir. Bunu düzəltmək üçün oturacaq kəsiyini qısaltmaq, artıq parçanı kəsib götürmək və arxa hissəni omba sahəsində enlətmək lazımdır.
Addım və yan tikişlərdə büzüşmələr əmələ gəlmişdir (Şəkil 3.61). Bu qüsur yan və addım kəsiklərini bərkidici tikişlə işlədikdə tikiş boyu qeyri-bərabər yığmalar alınması nəticəsində əmələ gəlmişdir. Bu, yığmanı yox etməklə aradan qaldırılır.
Şalvarın arxa hissəsində, baldırın aşağı və ya yuxarı hissəsində əziklik əmələ gəlmişdir (Şəkil 3.61). Bu qüsur, əsasən, dar balaqh şalvarda, baldırın doluluğu bütün şalvar enində nəzərə alınmadıqda və ütülənmə kifayət qədər aparılmadığı hallarda meydana çıxır. Bu qüsur ehtiyat parçanın köməyi ilə şalvarı enliləşdirməklə, ütüləməni təkrarlamaqla aradan qaldırıla bilər.
Yan tikiş dartılmış halda durur (Şəkil 3.61). Bu qüsur adamda omba qabarıqlığı müxtəlif olduqda əmələ gəlir. Yəni ombanın biri o birindən böyük olmuş, ülgü çertyoju çəkiləndə isə bu cəhət nəzərə alınmamışdır. Arxa hissənin orta və addım kəsiyi hesabına şalvarın omba sahəsini enliləşdirmək lazımdır, nəticədə, qabaq hissənin balaq sahəsində və kəmər tikilən yerdə artıq qalmış parça kəsilib düzəldilir.
Yan tikişdə eninə əziklər əmələ gəlmişdir (Şəkil 3.61). Bu qüsur şalvarın yan kəsiyinin uzun (artıq) olması nəticəsində alınır. Bunu düzəltmək üçün yan kəsikdə şalvarı qısaltmaq lazımdır.
Yan tikişdə büküklər alınmışdır. Bu qüsur omba sahəsində şalvar enli olduqda, yan tikiş qabarıq alındıqda və ya bədən quruluşu yastı, batıq budlu olduqda əmələ gəlir. Bu halda şalvarın enini lazımi qədər azaltmaq lazımdır. Artıq parça yan tikişdə, şalvarın arxa və qabaq hissələri arasında bərabər azaldılır. Şalvar geyinilib yoxlandıqda göstərilən bütün qüsurlar düzəldilməlidir.