Əgər arxa hissənin orta tikişində sağrı büküyündən aşağı əziklik, büzüşmə alınarsa (Şəkil 3.61), deməli, oturacaq tikişi uzundur. Onda oturacaq tikişi lazımi qədər qısaldılmalıdır. Həm də bu zaman kəmər müəyyənləşdirilmiş bel yerindən aşağı salınır, artıq qalmış parça yan və orta tikişlə və ya xiştəyin ağzının enini böyütməklə bərabər halda paylanıb aradan qaldırılmalıdır.
Əgər büzüşmə arxa hissənin bel yerindən aşağı, yan kəsiyə tərəf yönəlmişdirsə (Şəkil 3.61), deməli, oturacaq kəsiyi qısadır. Bunu düzəltmək üçün addım xəttini dərinləşdirmək və oturacaq kəsiyini artırmaq lazımdır.
Əgər büzüşmə arxa hissədə, aşağıdan yuxarı, yan kəsiyə tərəf yönəlmişdirsə (Şəkil 3.61), bu, o deməkdir ki, oturacaq kəsiyi uzundur, onu (sağrısı yastı fiqurda) qısaltmaq lazımdır. Əgər bu qüsur həddən artıq gözə çarpırsa, onda yan tikiş sökülür, arxa hissədə yığılıb qalmış artıq parça yan tikişə salınır, büzüşmə yox edilir.