Birqat və ikiqat bağlamalı manjetlər düzbucaqlının əsasında qurulur. Düzbucaqlının eni manjetin eninə, uzunluğu isə manjetin qoyulduğu səviyyədə qol çevrəsinə, üstəgəl 3-5 sm sərbəstlik üçün verilən paya, üstəgəl manjetin üst-üstə keçməsinin miqdarına bərabər olur (Şəkil 3.35).
Köbələrin biçilməsi
Köbələr geyim məmulatının kəsiklərinin təmiz kənar edilməsi üçün istifadə olunan kiçik hissələrdir. Geyim hazırlandıqda köbələrdən tez-tez istifadə olunur. Çiyinli geyimin boyun kəsiyi yaxalıqsız, qolsuz olarsa, bu kəsiklər köbə ilə işlənir. Köbələr iki növ olur - düz və kəsiyə uyğun formalı.
Düz köbələr parçanın diaqonal istiqamətində kəsilən lent şəklində olur. Düz köbələr ona görə diaqonal biçilir ki, onlar dairəvi kəsiklərdə formaya yatsın.