Pencək tipli yaxalığın çertyojunun qurulması üçün önün əsas ülgüsündən istifadə olunur. İlk növbədə məmulatın birinci düymələnmə yeri qeyd olunur - L0. L0 nöqtəsindən boyun kəsiyinə toxunan düz xətt çəkilir ki, bu xəttin boyun kəsiyinə toxunduğu nöqtə L adlandırılır (Şəkil 3.29). L nöqtəsindən çiyin xəttini kəsən düz xətt çəkilərək L1 nöqtəsi qoyulur. L0L1 düz xətti uzadılır. Həmin xətt üzərində L1 nöqtəsindən yuxarıya arxanın boyun kəsiyinin uzunluğunun ölçüsünə bərabər məsafə qeyd edilərək L2 nöqtəsi qoyulur. L nöqtəsindən LL2 radiuslu qövs çəkilir. L2 nöqtəsindən qövs üzrə 2-2,5 sm qeyd olunaraq L3 nöqtəsi qoyulur.L2L3 yaxalığın dayaq hissəsidir. L və L3 nöqtələri düz xətlə birləşdirilir. LL3 düz xəttinə L3 nöqtəsindən perpendikulyar qaldırılaraq 2 sm yaxalığın dayaq ölçüsü, 4 sm isə qatlanması qeyd olunur. Sonda nöqtə L4 adlandırılır (Şəkil 3.29). L4 nöqtəsindən L3L4 parçasına perpendikulyar çəkilərək 6 sm qeyd olunur.
Yaxalığın küncü MM1= M1M2. Yaxalığın eni və forması seçilmiş modeldən asılı olaraq dəyişilir. Yaxalığın boyuna tikilən kəsik LL3 xətti 0,2 sm mailliklə formaya salınır. L5M2 düz xətti isə 0,3-0,5 sm mailliklə formaya salınır. L2L6 yaxalığın dayağının qatlanma xətti L3L kəsiyinə paraleldir (Şəkil 3.29).
Şal yaxalıq
Şal yaxalıq (Şəkil 3.30 ) iki növə bölünür: ön ilə bütöv biçilmiş şal yaxalıq, ayrı biçilmiş. Ön ilə bütöv biçilən şal yaxalığın çertyojunu qurmaq üçün əsas ülgüdən istifadə olunur.