Məmulatın adı, nömrəsi, ölçü göstəriciləri, hissələrin adı, hissələrin sahəsi sm2-lə və hissələrin sayı göstərilir.
Köməkçi ülgülər - ilgəklər, cib yerləri, qarsaqlar, qatlama, ətək xətti və sair qeyd olunması üçün istifadə olunan ülgülərdir. Bu ülgülərə geyimin hazırlanmasında istifadə olunan hissələr (bortaltı, köbələr, üst yaxalıq, kəmər, cib qapağı və astarlıq parçadan biçiləcək hissələr) daxildir. Bu ülgülər əsas ülgünün bazasında qurulur.
Ülgü döşəmənin texniki şərtləri
Ülgülərin parça üzərinə səmərəli döşənməsi biçim prosesində parçadan az tullantı alınmasına təminat verir. Tullantının miqdarı geyimin modelinin mürəkkəbliyindən və parça naxışları rapportunun (naxışların təkrarlanan hissəsinin) böyüklüyündən asılıdır (Şəkil 2.16).
Saya parçada tullantı az, naxışlı və ya xovlu parçada isə çox olur. Çünki xovlu və naxışlı parçalarda ülgülərin yerləşdirilməsində bir sıra şərtlər nəzərə alınmalıdır.
Zərif xovlu, müxtəlif çalarlı, qeyri-simmetrik zolaqlı və dama-dama parçanı biçdikdə eyni hissələr eyni cür biçilməlidir (köbə, kəmər və manjetdən başqa).