2.5. Müxtəlif fasonlu yüngül geyimlərin ülgülərini çıxarır.
Ülgülərin növləri
Geyim konstruksiyasının çertyoju qurulduqdan sonra ülgüdə olan qarsaqlar, yan kəsiklər, arxa hissənin orta xətti, qollarda, eləcə də şalvarlarda, ətəkdə, jiletin hissələrində olan korbucaqlı sahələr və iti zirvələrin ölçüləri pozulmadan hamarlanır. Sonra bütün hissələrin ayrı-ayrılıqda konstruktiv xətlərinin uyğunluğu və uzunluğu yoxlanaraq dəqiqləşdirilir.
Geyim konstruksiyasının çertyoju əsasında əsas ülgülər və köməkçi ülgülər hazırlanır (Şəkil 2.15).
Ülgülər tikiş payı nəzərə alınmadan hazırlanır. Tikiş payları geyimin konstruksiyasından, kəsiklərin yerləşməsi və istiqamətindən, parçanın xüsusiyyətindən, istifadə ediləcək alət və avadanlıqlardan, texnoloji ardıcıllıqdan asılıdır.
Tikiş sənayesində ülgülərin hazırlanmasında dövlət standartlarından istifadə olunur. Ülgülərin kəsilməsi üçün 0,1-0, 3 sm, kant veriləcək hissələrdə (laskan, yaxalıq və s.) 0,2-0,3 sm, parçanın qalınlığına verilən pay 0,1-0,2 sm, parçanın kəsik kənarlarına tökülməsinə görə 0,1-0,5 sm, kəsik kənarların qatlanması (qol ağzı, ətək, bort kənarı və s.) 0,5-5 sm arasında dəyişir. Beləliklə, verilən paylar dəyişkəndir.
Ülgülərin hazırlanması üçün materiallar
Ülgülər 0,87-1,62 mm qalınlığında kartondan hazırlanır. Biçici maşınlardan istifadə edildikdə uzun müddət istifadə ediləcək ülgülərin davamlılığını qorumaq məqsədi ilə kontur xətləri metal lentlərlə haşiyələnir. Ülgülərin kəsilməsi üçün xüsusi maşından və ya qayçıdan istifadə olunur. Ev şəraitində ülgülər millimetrlik kağız, adi ağ kağızlar və ya kalka üzərində hazırlana bilər.
Əsas ülgülər - əsas parçadan biçiləcək hissələrin (ön, arxa, qol, yaxalıq, ətək və şalvarın hissələri və s.) konstruksiya çertyojunda olduğu kimi qalın kağıza köçürülməsindən alınır (kəsiklər, qarsaqlar, ciblər, laskanın qat xətti və s. göstərilməklə).