Aşağı bel kəsikli trapes şalvar
Şəkil 4.35-də verilmiş model şalvarı hazırlamaq üçün şalvarın əsas ülgü çertyoju qurulur.
Ön və arxa hissədə bel xəttindən aşağıya 4-5 sm qeyd edilərək yeni bel kəsiyi çəkilir. Bel kəsiyinin aşağı salınma ölçüsü zövqdən asılıdır. Yeni çəkilmiş bel xətti kəsilir (Şəkil 4.36).
Ön hissədə qarsaqlar bağlanaraq yan kəsiyə köçürülür. Arxa hissədə qarsaq qalmaq şərtilə yan kəsik önün yan kəsiyinə uyğunlaşdırılır. Diz xəttində şalvarın eni 1,5-2 sm yığılır. Ətəkxətti isə 3-5 enliləşdirilərək uzadılır. Bu rəqəmlər zövqdən asılı olaraq dəyişilə bilər. Şalvarın ətək kəsikləri maili xətlə formaya salınır (şəkil 4.36).
Qatları olan kişi şalvarının modelləşdirilməsi
Şalvarın əsas baza ülgüsü hazırlanır. Əgər şalvar modeli dizdən aşağı düzdürsə, ön baza ülgüsü ütü xətti boyu diz xəttinə qədər kəsilir. Sonra diz xətti ütü xəttindən sağa və sola yan və addım kəsiklərinə 2 mm qalana qədər kəsilir. Kəsilmiş ülgü şəkil 4.37-də göstərildiyi kimi aralanır.