Buklet, yaxud prospekt - bu, reklamın kitab formasıdır. Burada adətən, təsviri informasiyanı izah edən xeyli sayda mətn olur.
Jurnal səhifəsi - dizaynerin işi ilə daha sıx bağlı olan reklam qrafikasının növüdür. Dəb jurnalları tamaşaçıları cari mövsümün dəb tendensiyaları barədə məlumatlandırır. Burada təsviri izah edən mətn təsvirlərin özləri ilə əvəzlənir. Dəb jurnallarının informativliyi, əsasən, təklif edilən geyimin mətndən daha çox yer tutan təsvirləri hesabına təmin edilir.
Jurnal səhifəsinin kompozisiyası yaradıcı eskizin kompozisiyasına yaxındır. Təklif olunan modellərin təsviri burada birinci yeri tutur, mətn isə açıq-aşkar tabeçi əhəmiyyət daşıyır. Əgər plakatda geyim simvolik, ümumiləşdirilmiş şəkildə təsvir edilirsə, jurnal səhifəsində modelin təsviri hekayə xarakteri daşıyır - geyimin siluet forması, onun biçimi, kostyumun komplektasiyası və onun insan fiquru ilə plastik əlaqəsi barədə olduqca ətraflı məlumat verilir.
Jurnal səhifəsində şəkillər linear və linear-ləkəli qrafik fakturalar istifadə olunmaqla, həm qara-ağ variantda verilə, həm də rəngli yerinə yetirilə bilər. Jurnal səhifəsi çox zaman özündə bir dəfəyə bir neçə qrafik üsulları - xətti, ləkəni, applikasiyanı, fotomontajı yerləşdirir (Şəkil 3.32).