Monotipiya - yunan sözlərindən "monos" - bir və "typos" - iz, yer deməkdir. Qrafik çap növüdür. Bu zaman boyalar ideal hamar olan şüşə, plastika, yaxud metal lövhəsinin (nəmliyi hopdurmayan materialdan) səthinə əl ilə qoyulur. Sonra bu plastikanın üzərinə bir vərəq kağız qoyulur və ona kip sıxılır. Nəticədə, qəribə rəng naxışları alınır. Özü də basma zamanı əldə edilmiş effekt çox vaxt kağızın çap lövhəciyə basılması dərəcəsindən və ondan qoparılması vasitəsindən asılıdır.
Eskizin heç də hamısını monotipiya texnikasında işləmək lazım deyil, səciyyəvi effektə nail olmaq üçün onun yalnız bir hissəsini icra etmək olar. Belə halda hələ qurumamış rəngli ləkəyə bir vərəq kağız qoyulur, sıxlaşdırılır və eskizdən qoparılmır, yüngülcə nəm rəngli ləkənin üstü ilə çəkilir (Şəkil 3.12).
Monotipiya aydın rəsm vermədiyindən basmalarda olduqca ötəri alınır, boyanın qurulmasından sonra eskizi flamaster, yaxud tuş və peronun köməkliyi ilə işlədikdən sonra onu tamamlamaq (ona əlavə etmək) və konkretləşdirmək olar. Aydındır ki, belə eskizlərdə kostyum, onun konstruksiyası, detalları haqqında ətraflı məlumat almaq olmur, onlar yalnız forma, əsas proporsiyalar və rəng barədə ümumi təsəvvür yaradırlar. Lakin bu eskizlər emosional ifadəlidirlər və gələcək məmulatın obrazlığını yaxşı çatdırırlar (Şəkil 3.13).