Modelin eskizinin hazırlanması
- Məkan rəngləri - bir təsviri müstəvidə yerləşərək bəzi rənglənmiş ləkələr yaxınlaşan, digərləri
isə uzaqlaşan təsəvvürü yaradır, bu uzaqlaşan və yaxınlaşan rənglər illüziyası ilə bağlıdır;
uzaqlaşan soyuq rənglərdir, xüsusilə onlar açıq olduqda; isti və tünd rənglər isə insanın
gözlərində predmetləri yaxınlaşdırır; açıqlığından asılı olmayaraq, hər bir xromatik rəng
axromatik rəngin yaxınlığında yerləşən kimi görünür;
- Akustik rənglər - rənglərin bir qismi gurultulu səs, digərləri mülayim səs kimi qavranılır.
Birinci qrupa aktiv dolğun rənglər, xüsusilə isti rənglər aiddir; ikinci qrupa axromatik və az
dolğun, açıq, həmçinin spektral soyuq rənglər daxildir;
- Faktura rəngləri - rənglərin bəzisi fakturalılıq, maddilik, sıxlıq duyğusu oyadırlar, onlar
predmetin formasını aşkarlamağa kömək edir, əsl fakturanı vurğulayırlar; bunlara isti, az
dolğun, yaxınlaşan rəngləri aid etmək olar; digər rənglər fakturasız, yüngül, qeyri-maddi
rənglər kimi qavranılır; onlara soyuq, açıq, uzaqlaşan rənglər aiddir.
Rəng assosiasiyaları fizioloji reaksiyadan başqa emosional reaksiya da yaradır:
- Pozitiv - bəzi rənglər sevinc, şən, ruhlandırıcı rənglər kimi qavranılır, onlar xoş duyğular
oyadır və yaxşı əhval-ruhiyyə yaradırlar; bir qayda olaraq, belə rənglər isti, açıq, parlaq
dolğunlaşmış rənglərdir;
- Neqativ - digər rənglər kədər, qəmlilik assosiasiyası yaradırlar, onlar faciəvilik, ruhi
diskomfort, əzginlik, hətta qorxu duyğusu oyada bilirlər; bu qrupa bənövşəyi rəngi, həmçinin
bütün tünd, az dolğunlaşmış rəngləri aid etmək olar;
- Neytral - bir çox rənglər passiv olurlar və güclü reaksiya yaratmırlar, onlar sakit, biganə,
müvazinətli rənglər kimi qavranılırlar; adətən bunlar axromatik, çox da tünd olmayan və çox da
açıq olmayan rənglərdir.
Fizioloji rənglər assosiasiyası daha dayanıqlıdır - eyni rənglər insanların əksəriyyətində onların necə
yaşamasından, həyat tərzindən, temperamentindən asılı olmayaraq eyni reaksiyalar yaradır.
Rənglərin və onların nisbətinin emosional təsiri isə müxtəlif insanlarda fərqlidir və xeyli dərəcədə
mədəni ənənələrdən asılı olur. Məsələn, avropalılarda ağ rəng sevinclə, paklıqla sağlamlıqla, yaponlarda
isə kədərlə assosiasiya olunur, matəm rəngi kimi qəbul edilir.
İnsanın müxtəlif rəngləri psixoloji qavramasının xüsusiyyətlərini bilmək dizayner üçün çox vacibdir,
çünki bu, ona öz əsas vəzifəsini yerinə yetirməyə - predmet mühitini mümkün qədər daha rahat və "insani"
etməyə kömək edir.