Tarixdə rəngin insanın psixikasına və fiziologiyasına təsirini təsdiq edən nümunələr az deyil. İnsanın yaşadığı mühitin ümumi koloriti nəinki onun ovqatını, hətta əhvalını və iş qabiliyyətini idarə etməyə qabildir. Müasir məişət kostyumunu layihələndirərkən bunu nəzərə almaq lazımdır.
Təcrübələr sübut etmişdir ki, bütün spektral rənglər çox və ya az dərəcədə insanlarda fizioloji reaksiya oyadır. Məsələn, qırmızı rəng insan orqanizminin bütün funksiyalarını fəallaşdırır, enerjini artırır, isindirmək və oyandırıcılıq qabiliyyətinə malikdir. Qısa müddət üçün o, iş qabiliyyətini artırmağa qabildir, lakin tez bir vaxtda da yorğunluq və qıcıqlandırma gətirir.
Sarı rəng fizioloji reaksiyalara nəzərən optimaldır, orqanizmə xoş fizioloji təsir göstərir - tonusu qaldırır və yorğunluq gətirmir. Yaşıl isə, sarı kimi orqanizmə xoş fizioloji təsir göstərir, insanı sakitləşdirir, uzun müddətə iş qabiliyyətini artırır.
Mavi və göy rənglər sakitləşdirir, gərginliyi götürür, lakin bununla belə iş qabiliyyətini bir qədər azaldır, insan orqanizminin funksiyalarının sürətini azaldır.
Bənövşəyi rəng özündə qırmızı ilə göy rəngin effektini birləşdirir, əsəb sisteminə üzücü təsir göstərir.