İndi bunları ardıcıl olaraq nəzərdən keçirək.
Rənglərin birtonlu harmonik uzlaşması
Belə uzlaşmalar, həm də kölgəli sıralar harmoniyası adlanır. Bunların əsasını hər bir uzlaşan rənglərdə bu və ya digər kəmiyyətdə (sayda) iştirak edən hər hansı bir rəng tonu təşkil edir. Bu cür koloritdə rənglər yalnız açıqlığına və dolğunluğuna görə fərqlənirlər. Belə uzlaşmalarda tez-tez axromatik rənglərdən istifadə olunur.
Birtonlu harmoniyaların ümumi koloriti sakit, təmkinli xarakterdə olur. Bütün rənglər sahələrinin təqribən eyni yerləşdirildiyi zaman sükunət, sakitlik ideyası təsdiq olunur. Belə koloriti nüans koloriti də adlandırırlar, baxmayaraq ki, burada tünd və açıq kontrast mümkündür.
Kostyum kompozisiyasını yaradarkən birtonlu rənglərin uzlaşmasından olduqca çox istifadə olunur, çünki bu, koloritin harmoniyalaşdırılmasının ən sadə vasitəsidir.
Qohum rənglərin harmonik uzlaşması
Rəng çevrəsinin dörddə birində əsas rənglər arasında yerləşmiş rənglər qohum rənglər adlanır. Belə uzlaşmalar da elə bir mürəkkəblik yaratmır. Şuqayevin rəng çevrəsində dörd qohum rənglər qrupu mövcuddur: sarı-qırmızı (narıncı), qırmızı-göy (firuzəyi), göy-yaşıl, sarı-yaşıl.
Qohum rənglərin harmoniyası onlarda olan eyni əsas rənglərin qarışığından yaranır. Qohum rənglərin uzlaşması nüans prinsipi üzrə yaradılmış rəvan, sakit koloritli qammadan ibarətdir.
Bizə koloritin belə yeknəsəqliyindən azad olmaqda axromatik qarışıqların tətbiqi kömək edir ki, bu da rənglərin tündləşməsinə, yaxud açılmasına gətirib çıxarır, bu isə öz növbəsində kompozisiyaya onun emosional ifadəliliyini gücləndirən kontrast gətirir.
Qohum-kontrast rənglərin harmonik uzlaşması
Kolorit imkanlarına nəzərən daha geniş yayılmış və zəngin olan qohum-kontrast rənglərin harmoniyasıdır. Qohum-kontrast rənglər rəng çevrəsinin qarışıq dörddə bir çərəklərində yerləşirlər. Belə uzlaşmaların heç də hamısı harmoniyanı təmin etmir.
Bədii təcrübə göstərir ki, qohum-kontrast, hətta xalis şəkildə, axromatik rənglərin onlara qarışdırılmadığı təqdirdə belə, əgər burada onları birləşdirən əsas rəngin kəmiyyəti və kontrast əsas rənglərin kəmiyyəti eynidirsə, bir-birləri ilə harmoniya təşkil edirlər (Şəkil 3.2).
İki, üç və dörd qohum-kontrast rəngin uğurlu uzlaşma variantları mümkündür. Onları ardıcıl olaraq nəzərdən keçirək: