Nə təbiətdə, nə də bədii əsərlərdə rənglər bir-birindən təcrid halda olmurlar, onlar həmişə hansısa qarşılıqlı təsirdə olurlar. Belə halda mexaniki təsadüfü rənglər məcmusu prinsipcə koloritdəki rənglərin nisbətindən fərqlənir.
Kolorit (latınca color - rəng, boya) - rənglərin nisbətinin müəyyən vəhdətini yaradan və gerçəkliyin rəngarəngliyinin estetik təzahürü olan sistemdir. Kolorit emosional ifadəliliyin ən mühüm vasitələrindən biri olmaqla əsərin bədii obrazının vacib komponentidir.
Koloritin xarakteri sənət əsərinin məzmunu və ümumi qayəsi, dövrlə, üslubla, həmçinin sənətkarın fərdiliyi ilə bağlıdır.
Koloritdə rənglər tabeçilik prinsipi üzrə birləşirlər, onlar sıx qarşılıqlı əlaqədə və "əməkdaşlıqda" olurlar. Burada kəmiyyət və keyfiyyətcə kompozisiyanın ümumi kolorit ruhunu müəyyən edən əsas rənglər, zənginliyinə nail olunmasına və əsas rənglərin fəal ahənginə kömək edən ikinci dərəcəli rənglər fərqlənirlər.
Üstünlük təşkil edən rəng nisbətlərinin xarakterinə görə kolorit sakit və gərgin, soyuq və isti, açıq və tünd, sevincli və qəmli ola bilər.
Dolğunluq və güclülük dərəcəsinə görə rənglər parlaq, yaxud solğun, aktiv, yaxud təmkinli koloritlər olaraq fərqlənirlər. Hər bir halda koloriti təşkil edən rənglər harmoniya qanuna görə bir-biriləri ilə uzlaşmalıdır.
► Rənglərin harmonik uyğunlaşması
Yuxarıda deyildi kimi, kolorit bir kompozisiya hüdudlarında harmonik birlik yaradan rənglərin uzlaşması sistemidir. Görünür, rənglərin heç də istənilən uzlaşması harmonik qonşuluğu təmin etmir.
Uzaq keçmişdə də rənglərin harmoniyası məsələsi bir çox alimləri və rəssamları maraqlandırmışdır. Rənglərin sistemləşdirilməsinə ilk cəhdi ingilis fiziki İsaak Nyuton etmişdir. O, günəş spektrinin bütün rənglərini dairə üzrə düzmüş, onlara burada olmayan purpur (alqırmızı) rəngləri əlavə etmişdir.