aiddir. Sonuncular
hiperbolalar, parabolalar, spirallar və ixtiyari
əyrilərdən ibarətdir (Şəkil 2.17).
İstiqamətinə görə üfüqi, yaxud diaqonal, şaquli və maili xətlər fərqləndirilir. Maraqlıdır ki, bütün xətlər plastik xarakterindən və istiqamətlərindən asılı olaraq, öz obrazlı - emosional yükünü daşıyaraq tamaşaçının psixikasına müxtəlif təsirlər göstərirlər. Belə ki, məsələn, düz üfüqi xətlər üfüqlə assosiasiya edilərək tamaşaçıya rahatlıq, sabitlik, dayanaqlılıq hissi oyadır; düz şaquli xətlər səy, dinamiklik hissi oyadır, onlar formaya qamətlik verirlər; düz maili xətlər dayanaqsızlıq, tədrici hərəkət hissi yaradır, özü də bu xətlər nə qədər mailidirsə, hərəkət bir o qədər fəal qavranılır. Plastikaya görə ən gərgin sınan xətdir, o, həmişə özündə aqressivlik elementini daşıyır. Əyri xətlər tamamilə başqa cür qəbul edilirlər. Daimi radiuslu əyrilər rəvan sakit hərəkəti ifadə edir. Dəyişən radiuslu əyrilər özlərində fəal dinamizmi, gərginliyi, qeyri-müntəzəmliyi, azalan, yaxud artan hərəkəti daşıyırlar. Bundan əlavə, dəyişən radiuslu əyrilərə, həmçinin yellənmə, fırlanma və inkişaf əlamətləri xasdır. Qapalı xətlər öz daxillərində ləkə yaradırlar. Beləliklə, ləkə müstəvinin qapalı xətlə məhdudlaşmış hissəsinə deyilir. Belə bir tərif də vermək olar: ləkə müstəvidə xəttin hərəkətinin izidir. |
Hər bir rəsmdə motivin ləkəsi, yəni təsviri işarənin və fonun ləkəsi fərqləndirilir. Abstrakt, yaxud formal xarakterli bir çox kompozisiyalarda fona və rəsmə bölünmə olduqca şərtidir. Yaxın yerləşən ləkələr bir-birilərindən rəngə, işıqlılığa, fakturaya görə seçilirlər.
Əgər bu fərqlər yoxdursa, onda ləkənin birləşdirilməsi bir ləkə kimi qəbul edilir.