XX əsrin əvvəlində, xüsusilə Birinci Dünya müharibəsindən sonra bütövlükdə cəmiyyətin, eləcə də kostyumun demokratikləşməsi ilə ayrı-ayrı təbəqələrə mənsub insanlar real həyatda eyni cürə geyinirdilər. Bununla da geyimin sosial funksiyası öz əhəmiyyətini itirməyə başlayır. Lakin bu gün kostyuma görə, insanın peşəsi və onun sosial vəziyyəti barədə kimin fəhlə, kəndli, qulluqçu peşəsinin nümayəndəsi olması haqqında fikir yürütmək mümkündür.
Geyimin yerinə yetirdiyi funksiyalar, öz növbəsində ona olan tələbləri müəyyən edir. Geyimin utilitar əhəmiyyəti ondan rahat istifadə edilməsini nəzərdə tutur. Doğrudur, bu göstəricinin əhəmiyyəti tikiş məmulatlarının müxtəlif növləri üçün eyni deyil. Məsələn, belə tələb ziyafət geyimləri üçün iş, yaxud idman geyimlərindən xeyli dərəcədə az irəli sürülür, amma hər bir halda estetik göstəricilər böyük əhəmiyyət kəsb edir.
Estetik vəzifələri yerinə yetirəcək geyim gözəl zahiri görkəmə, öz siluetinə, proporsiyasına, formasına və detalların ölçüsünə, onların hazırlandığı parçaların rənginə və rəsminə uyğun olmalıdır. Geyim insanın zahiri ləyaqətini göstərməli və mümkün qüsurları örtməlidir.
Məmulatın möhkəmliyi, uzun müddət istifadəsi, geyimin gigiyenikliyi (rütubəti hopdurmaq, hava buraxmaq, istiliyi saxlamaq qabiliyyəti) kimi göstəricilər çox mühümdür.
Geyimin iqtisadi göstəriciləri də az əhəmiyyət kəsb etmir. Tikiş məmulatlarının qiyməti, dəyəri alıcıya əlçatan olmalı, eyni zamanda onun hazırlanması istehsalçıya kifayət qədər fayda verməlidir.
Yuxarıda sadaladığımız bütün göstəricilərin məcmusunu nəzərə alaraq, geyimin keyfiyyəti barədə fikir söyləmək mümkündür. Ölkəmizdə tikiş məmulatlarına olan tələblər, eləcə də geyimin istehlak və istehsal göstəricilərinin qiymətləndirilməsi tikiş sənayesində qüvvədə olan standartlarda və texniki şərtlərdə ehtiva edilmişdir.
► Geyimlərin təsnifatı
Müasir geyimlər çoxlu sayda funksiyaları yerinə yetirir. Onlar təyinatına görə də müxtəlifdirlər. Onun çoxcəhətliliyini yaxşı bilmək və hər bir tikiş məmulatları qrupuna verilən tələbləri müəyyənləşdirmək üçün geyimi təsnif etmək qəbul olunmuşdur. Təsnifat deyərkən bütün geyim assortimentinin hansısa əlamətə görə bölünməsi başa düşülür (Şəkil 2.8-2.14).
Hər şeydən əvvəl, geyimin bütün növlərini onların istifadə sahələrindən asılı olaraq aşağıdakı siniflərə bölmək olar: