Beləliklə, belə bir nəticə hasil olur: kontrastın, yaxud nüansın seçilməsi daha çox kostyumun funksional təyinatı və onu yiyəsinin yaş qrupu ilə müəyyən edilir. Kontrast prinsipindən təntənəli hadisələr məqsədilə, həmçinin fəal istirahət və idmanla məşğul olmaq üçün geyim hazırlanarkən istifadə olunmalıdır.
Eyni zamanda olduqca zövqsüz geyim işgüzar şəraitdə yersiz, hətta ədəbsiz görünəcək, ona görə də gündəlik işgüzar kostyumu nüans prinsipi əsasında işləmək yaxşı olardı.
Digər tərəfdən, kontrast həlli geyim uşaqlara və gənclərə daha yaxşı yaraşır və onların orijinallığa, fərdiliyə, müəyyən maksimalizmə səyini əks etdirir. Yaşlı adamlar isə nəzəri çox cəlb etməyən, lakin elementləri nüans kompozisiyalı olan zərif geyimdə özlərini daha rahat hiss edirlər.
Kontrast və nüans kostyumda müxtəlif təzahürlərdə ifadə oluna bilər: onun plastikasının formasında, xarakterində, hissələrinin və elementlərinin ölçülərində, kostyumun hazırlanmasında istifadə olunan materialların fakturasında və s.
2.4 və 2.5-ci şəkillərdə yapışan siluet - X kostyumun təsviri verilmişdir. Hər iki halda incə bel formanı ölçüyə görə iki qeyri-bərabər hissələrə - yuxarı və aşağı hissələrə bölür. Birinci variantda (Şəkil 2.4) həcminə görə uzun şal və aşağıya doğru çox genişləndirilmiş balıq formalı geyimlə kontrast təşkil edir. 2.5-ci şəkildə göstərilən kostyum isə nüans prinsipi əsasında qurulmuşdur - qısa ətək ölçülərinə görə korsetdən o qədər də fərqlənmir. İkinci kostyum daha çox sakitlik təəssüratı yaradır.
2.6 və 2.7-ci şəkillərdə göstərilən kostyumlar rəng (tonal) kontrastı və nüansının ifadəlilik imkanlarını nümayiş etdirir. Kostyumu lahiyələndirərkən nəzərə almaq lazımdır ki, kompozisiyanın aktiv vasitəsi olan kontrast yalnız bir, yaxud iki halda tətbiq oluna bilər, yerdə qalanları isə nüans prinsipi ilə təşkil olunmalıdır. Kontrastdan həm formada, həm tonda, həm rəngdə, həm də fakturada eyni zamanda istifadə olunması labüd olaraq kostyumun anlaşılmaz qavranılmasına, kompozisiyasında qarşılığa gətirib çıxarır, tamaşaçıda xoşagəlməz mənasızlıq və hədsizlik təəssüratı yaradır. Kompozisiyada nüans, yaxud kontrast gərək həmişə dərk edilərək seçilsin və |