Simmetrik geyim daha rahatdır, amma bir qədər darıxdırıcıdır. Bu ziddiyyəti həll etməyə dissimmetriya, yəni simmetriyanın qismən pozulması kömək edir. Simmetrik sistemdə istənilən kənaraçıxma, ən kiçik detalın belə götürülməsi, yaxud əlavə edilməsi diqqətin cəlb edilməsinə, kompozisiyaya müəyyən gərginlik gətirməyə qadirdir. Dissimmetriya kompozisiyanın bədii vasitəsi kimi simmetrik formanın həddən çox ciddi təəssürat yaratdığı zaman istifadə olunur. Dissimmetrik vurğu funksional detal (məsələn, klassik pencəkdə yaylıq cibi), dekorun şəkli, həmçinin aksessuar - kəmər, yaylıq, yaxud kiçik şərf, bijuteriya və s. ola bilər. 2.3- cü şəkildə dissimmetrik element kimi mərkəz üzrə taxılmış kəmərin olduğu kostyumun təsviri verilir. |
Şəkil 2.3. Dissemmetrik detahn -
kəmərin istifadəsi ilə kostyum eskizi
|
► Kontrast və nüans
Kompozisiya dedikdə, onun hər bir elementinin təcrid olunmuş şəkildə deyil, əksinə başqa elementlər və formaların əhatəsində, onlarla qarşılıqlı əlaqədə yerləşməsidir. Bununla əlaqədar olaraq, tamaşaçı kompozisiyanı qavrayarkən onun elementlərini bir-biri ilə müqayisə edir.
Kompozisiyanın tərkib hissələrinin bir-birinə qarşı qoyulmasının aşağıdakı variantları mümkündür: eyniyyət, kontrast və nüans.
Bunlardan daha çox ifadəli və fəal olanı kontrastdır. Tərifinə görə, kontrast iki eynicinsli xassələr arasında daha qabarıq fərqdir. Belə ki, məsələn, elementlərin kontrast münasibətlərindən söhbət gedərkən böyüklə kiçiyin, tündlə açığın, hamarla kələkötürlüyün müqayisəsindən bəhs edilir.
Kontrastlığın dərəcəsinin seçimi dizaynerin bədii duyumu və praktiki təcrübəsi ilə müəyyən edilir və daha çox layihələndirilən predmetin təyinatından asılıdır. Kontrastın kifayət etməməsi kompozisiyanı lazımi ifadəliliklə təmin etmir, kontrastın həddən artıq olması isə kompozisiyanın vəhdətini poza bilər. Ona görə də kontrastlığın ölçüsü kompozisiyanın bütövlüyünün saxlanılması tələblərilə məhdudlaşdırılmalıdır.
Kontrastın əksi nüansdır, yəni predmetin eynicinsli keyfiyyətləri arasında zəif ifadə olunan fərqdir, "Nüans" sözünün özü "kənaraçıxma", "zorla nəzərə çarpan keçid" mənasını verir. Məsələn, qara və ağ rənglərin müqayisəsi zamanı yalnız bu iki ton və onlar arasındakı