|
TƏLİM NƏTİCƏSİ 2Eskiz xətlərini bilir və onu çəkməyi bacarır. |
2.1. Statik formada insan fiqurunu eskizdə təsvir edir.
► Simmetriya və asimmetriya
Dizaynerin əsas vəzifəsi harmonik kostyumun yaradılmasıdır. Məmulatın kompozisiya bütövlüyü, onun tarazlığı nəzərdə tutulur, yəni formanın bütün elementləri və hissələri balanslaşdırılmış olur. Kostyumun kompozisiya tarazlığı formanın əsas kütləsinin onun mərkəzinə nəzərən bölünməsindən birbaşa asılıdır.
İnsan fiqurunun tarazlığının əsas şərtlərindən biri onun simmetrikliyidir.
Simmetriya eyni, bərabər hissələrin bir-birinə nəzərən qanunauyğun yerləşməsidir. Təbiətdə və incəsənətdə bir neçə simmetriya növləri mövcuddur. Bunları ardıcıl olaraq nəzərdən keçirək.
Mərkəzi simmetriya. Belə növ simmetriyada bərabər hissələr mərkəzi nöqtə ətrafında yerləşir və onun ətrafında dönərkən onlar tamamilə uyğunlaşırlar. Belə simmetriyaya nümunə dairəyə daxil edilmiş müxtəlif rozetkalardır.
Güzgü simmetriyası. Bu qavrayış üçün ən sadə və geniş yayılmış simmetriya növüdür. Bu halda predmetin və ya kompozisiyanın bir yarısı sanki başqasının güzgüdəki əksi olur; belə simmetriya növünə nümunə insan fiqurunun hərəkətsiz vəziyyətdə şaquli xətt üzrə frontal siluetinin simmetriyasını göstərmək olar.
Vint və spiral simmetriya. Belə simmetriya növündə kompozisiya elementlərin mərkəz ətrafında fırlanması və eyni zamanda həmin mərkəz ətrafında hərəkəti yolu ilə yaradılır, spiral simmetriyada elementlər bir səth üzərində yerlərini dəyişərək tədricən mərkəzə yaxınlaşırlar.
Simmetriya formanı təşkil edən, nizamlayan, dayanıqlı və sabit edən ən parlaq kompozisiya vasitələrindən biridir. Kostyumda simmetriyanı müxtəlif təzahürlərdə müşahidə etmək olar: siluetdə, konstruksiyada, detalların yerləşdirilməsində (ciblərin, klapanların, kiçik poqonların), dekorativ işləmələrin, rəng ləkələrinin bölünməsində.
Təbiətdə simmetriyanı müşahidə edib dərk edərək insan onun gözəlliyini özünəməxsus nizamın və qanunauyğunluğun şərti kimi qavramağa başlamışdır. Lakin insan psixologiyası elə qurulub ki, bir tərəfdən o, nizama səy göstərir, digər tərəfdən isə çalışır ki, necə olursa-olsun nizamı pozsun, daha doğrusu, hansı bir detal iləsə onu canlandırsın.
Gözəlliyin mahiyyətinin yalnız simmetriyaya müncər edilməsi onun məzmununun zənginliyini məhdudlaşdırır. Həqiqi harmoniya əskiklərin vəhdətindən ibarətdir, deməli, predmetin gözəlliyini simmetriya ilə keyfiyyətin və onun əksi olan asimmetriyanın nisbəti müəyyən edir.