Ayrılmış hissələr təklikdə çəkilir və həmin nümunənin ümumi çəkisinə görə faizlə ifadə edilir.
Cücərmə qabiliyyəti. Toxumların cücərmə qabiliyyəti bitki toxumu üçün müəyyən edilmiş müddətdə normal inkişaf etmiş cücərtilər verən toxumların sayının, götürülmüş toxumların sayına olan nisbətinin ifadəsidir. Cücərmə qabiliyyəti toxumların keyfiyyətini göstərən əlamətlər içərisində ən mühüm cəhətdir. Çünki, cücərmə qabiliyyətinə görə səpin norması təyin edilir. Cücərmə qabiliyyətinə malik olan toxumlarla səpin apardıqda sahədə tez və normal cücərti alınır (Şəkil 2.8).
Cücərmə qabiliyyəti standarta uyğun olmazsa, toxum səpin üçün yararsız hesab olunur. Cücərmə qabiliyyətinin təyin edilməsinin əsas məqsədi toxumun səpinə yararlılığı barədə məlumat almaqdır. Cücərmə qabiliyyətinin göstəricisi təmiz normal cücərən toxumların faizidir. Qeyri-normal cücərti verən toxumlar cücərməyən hesab edilir.
Toxumun cücərmə qabiliyyətini cücərtmə yolu ilə müəyyən edirlər. Lakin, cüçərmə qabiliyyəti olan toxumların hamısı qısa vaxtda cücərə bilmir. Belə ki, təzə yığılmış toxumlar dərin sükunət dövrünə keçirlər. Şüyüd toxumları belə toxumlardandır.
Cücərmə qabiliyyətini müəyyən etmək üçün təmiz toxumlar götürüldüyündən, təmizliyin təyini cücərmə qabiliyyətinin müəyyən edilməsinindən əvvəl həyata keçirilməlidir.
Cücərtmək üçün təmizliyi təyin edilmiş toxumdan iri toxumlu bitkilər üçün 50 ədəd, xırda toxumlu bitkilər üçün isə 100 ədəd dörd təkrarda uyğun olaraq cəmi 200 və ya 400 ədəd götürüb cücərdilir və cücərmənin gedişi hər növ üçün müəyyən edilmiş günlər ərzində, hər gün yoxlanaraq faizə çevrilir və xüsusi jurnalda qeyd edilir. Axırıncı gün hesablanmış faizlər təkrarlar üzrə toplanır və həmin göstəricilər əsasında orta cücərmə faizi əldə edilir.
Standarta əsasən cücərmə qabiliyyətini təyin etmək üçün turp, turca, rus turpu toxumunu 7 gün; quzuqulağı toxumunu 8 gün; kələm, cəfəri, kərəviz, ispanaq toxumunu 14 gün; kök, kahı və çuğundur toxumunu isə 10 gün normal cücərmə şəraitində saxlamaq lazımdır. Toxumlar cücərdildikdə standartda göstərilən material üzərində iriliyindən asılı olaraq döşənək üzərində bir-birindən 0,5-1,5 sm aralı məsafədə yerləşdirilir. Toxumlar düzüldükdən sonra hər sınaq döşənəyinin üzərinə qeydə alma nömrəsi, nümunə nömrəsi, cücərmə enerjisi və qabiliyyətinin hesablanması tarixini göstərən etiket qoyulmalıdır. Bütün qeydlər adi qara karandaşla aparılmalıdır. Toxumlar termostatda cücərdilməlidir. Tələb olunan şərtlərə əməl edildikdə toxumun cücərmə qabiliyyəti haqqında düzgün məlumat əldə etmək olar.
Laboratoriya şəraitində toxumun cücərmə qabiliyyəti təyin edilərkən, onun başqa bir əsas səpin keyfiyyəti də, yəni cücərmə enerjisi də müəyyən edilə bilər.
Toхumum canlılığı - müəyyən qədər toхum kütləsində cücərmə qabiliyyəti olan toхumların faizlə miqdarıdır.