Turpun kökümeyvəsi ağ, ağ-yaşıl başlı, ağ-boz başlı, ağ-cəhrayı başlı, cəhrayı, boz, qara və sarı rəngdə olur (Şəkil 1.77). Ölçüsü qısa (4 sm-dən az), orta (5-10 sm), uzun (15-20 sm) və çox uzun (20 sm-dən çox) olur. Çəkisi isə 20 qramdan 200 qrama qədər dəyişir. Nəhəng sortlar vardır ki, kökümeyvəsinin çəkisi 10 kiloqramdan çoxdur.
Onu da qeyd edək ki, tezyetişən turp sortlarının kökümeyvəsinin çəkisi az, gecyetişənlərin isə çəkisi çox olur. Turp ləti şəffaf, yağlı, şirəli lifli olmaqla, ağ, ağ-yaşıl və ağappaq rəngdədir.
Bioloji xüsusiyyətləri. Turp ikiillikdir. Cücərmədən 60-80 gün, bəzi sortlarda isə 100-140 gün sonra kökmeyvə istifadəyə yararlı olur. Soyuğa davamlıdır.
Sort və hibridləri. Turpun sortları çoxdur, o cümlədən bir sıra yerli sortları vardır və onlar səpinlərdə əsas yer tutur .
Ən tez yetişən Odesskaya 5 turp sortudur. Nisbətən gecyetişən sortlar Zimnyaya kruqlaya belaya, Zimnyaya kruqlaya çyornaya, Qrayvoronskayadır.
Qrayvoronskaya sortunun kökümeyvəsi uzunsov konusvari, daһa iri və yerdən çətin çıxır (Şəkil 1.78).
Klık slona (Fil dişi) - kökmeyvəsi uzun olan sortlardandır. Uzun-slindrik formalı 18-22 sm uzunluqda kökümeyvəsinə malikdir. Ləti ağ, baş һissədə ağ-yaşılımtıldır, diametri 7-9 sm-dır.
Daykon adlı yapon turpunun qırmızı-bənövşəyi rəngli Reps, Vesennyaya 2 sortları vardır. Bunların kökümeyvəsinin uzunluğu 30-70 sm, diametri 3-10 sm-ə bərabərdir.
Adi orta və gec yetişən turp sortlarından Skvirskaya çyornaya, Marqelanskaya, Artaşati vardaquyn, Aşxabad 1, Kitayskaya mestnaya və s. sortlar vardır.