Sort və hibridləri. Azərbaycanın demək olar ki, bütün rayonlarında çuğundurun müxtəlif sortları geniş becərilir. Yumru kökümeyvəli sortlardan ən çox yayılan Bordo 257-dir və Azərbaycanda rayonlaşmışdır. Respublikanın tərəvəz becərilən bölgələr üzrə qeydiyyata alınmış sortlar aşağdakılardır: Yastı Misir - çuğundur sortunun qabığı tünd-bənövşəyi rəngdə azacıq qırmızıya çalır, forması isə yastı və girdədir. Bunların lətli hissəsi bənövşəyi-qırmızı, içi çox halqalı olur. Şirindir, lakin saxlama müddəti azdır. Respublikanın tərəvəz becərilən bölgələr üzrə qeydiyyata alınmışdır (Şəkil 1.68). Bonel - qırmızı çuğundur sortu universal sortdur. Vegetasiya müddəti 110-115 gündür. Tünd qırmızı rəngdə, qabığı hamar və parlaqdır. Detroit F1 - çuğundur hibridi uzunmüddətli saxlanma və emal üçün yararlıdır. Mexaniki yığıma yararlı, isti havaya davamlıdır. Yarpaqları şirəli, uzun saplaqlı, kənarı bütöv, yumurtavarıdır. Respublikanın tərəvəz becərilən bölgələri üzrə qeydiyyata alınmışdır. Sarı Eskendorf - çuğundur sortu tezyetişən sortdur. Forması oval və iridir. Vegetasiya müddəti 70-90 gündür. Ləti bənövşəyi qırmızıdır. Respublikanın tərəvəz becərilən bölgələri üzrə qeydiyyata alınmışdır. Yarpaq çuğundurunun ağ saplaqlı, İzumrud, Belavinka, Zelyonı və qırmızı saplaqlı Alıy, Rubin, Krasavitsa sortları var. |