Ölçüsündən asılı olaraq yerkökü 3 qrupa bölünür: qısa və ya karotel qrupuna aid yerkökünün uzunluğu - 10 sm-ə qədər, orta uzunluqda - 11-20 sm, uzunlarda isə 30 sm-dən çox olur. Sortların çoxu orta uzun qrupa aiddir (Şəkil 1.64). Kökümeyvənin diametri 2,5 sm kiçik, 2,6-4,0 sm orta, 4,1 sm-dən artıq olduqda isə böyük hesab edilir. Kökümeyvəsi sarı, açıq sarı, cəhrayı, açıq cəhrayı, narıncı rəngdə olur. Çəkisi isə tətbiq edilən aqrotexniki qulluğun səviyyəsindən asılı olaraq 20 qramdan 1 kiloqrama qədər dəyişir. 80 qram olduqda az, 80-150 qram orta, çəkisi 150 qramdan çox olduqda isə böyük çəki hesab edilir. Bioloji xüsusiyyətləri. Yerkökü ikiillik bitkidir. Birinci ilin vegetasiya dövründə yarpaq qrupu və əsas kökmeyvə əmələ gətirir. Payız-qış dövründə nisbi sükunətə keçib böyümədən gözləyir. İkinci ilin vegetasiya dövründə isə çiçəkləyib toxum verir. Vegetasiya müddəti tez yetişən sortlarda 100 gün, orta yetişənlərdə 100-120 gün, gec yetişən sortlarda isə 120 gündən çoxdur. Sort və hibridləri. Azərbaycanda uzun illər Yerli Abşeron, Nant-4, Şantene 2461, Geranda sortları becərilmişdir. Nant və Şantene sortları uzunsov simmetriyası, zərif lətli hissəsi və əla dadı ilə üstünlük təşkil edir. Saxlanmağa davamlıdır. Şantene sortu irimeyvəlidir və bunun 1 ədədinin çəkisi 400 qrama qədər olur. Geranda sortu və onun müxtəliflikləri saxlanılmağa davamlıdır. Hal-hazırda respublikanın tərəvəz becərilən bölgələr üzrə Tip-top, Nantes və Nyu Kuroda sortları qeydiyyata alınmışdır. |
Tip-top - Yerkökü sortu orta gecyetişəndir. Forması silindirik, çəkisi 140-170q, dadı şirəli və şirin, uzunluğu 20-24 sm, yuksək məhsuldardır. Səpin mart-aprel ayı, vegetasiya müddəti 120-127 gündür. Tər istifadə və emal üçün yararlıdır. Çatlamaya qarşı davamlıdır.
Nantes - Kökmeyvəsi silindrik formalı olub rəngi narıncı, səthi hamardır. Yüksək temperatura davamlıdır. Vegetasiya müddəti 105-125 gün arasında dəyişir. Şirəli, şirin kökümeyvəyə malikdir.