|
Yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda, qurudulmuş, şirə və tərəvəz konservləri istehsalı üçün istifadə olunur. Yerkökünün tərkibində orta hesabla 4-12% şəkər, 0,53-2,23% zülal, 0,1-0,7% yağ, 0,54-3,50% sellüloza, 0,4-2,9% pektin maddəsi, 2,3-5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6-1,7% kül olur. Quru maddələrin ümumi miqdarı 8-20%-ə qədərdir. Nişasta toxumalarda kiçik, dairəvi və rəngsiz dənələrdən ibarət olub, ən çox özək ilə ətli hissənin arasında yerləşir. Özəkdə nişasta olmur.
Şəkərlərin əsasını saxaroza (3,5-6%), az miqdarda qlükoza (1-2%) və fruktoza (0,2-1,9%) təşkil edir. Yerkökünün özək hissəsində xarici təbəqəyə nisbətən şəkərin miqdarı azdır.
Yerkökü bitkisi öz mənşəyini Orta Asiyadan götürmüşdür. Yabanı formaları Azərbaycanda da çox geniş yayılmışdır.
Botaniki təsviri və sort seçmə meyyarları. Bu bitkilər mil kökə malikdir və köklər torpağın çox dərin qatlarına işləyir, ona görə uzun müddət quraqlığa dözürlər.
Kökümeyvə bitkinin gələcək inkişafı və toxum verməsi üçün qida və su ehtiyatı olmaqla onun baş, boyun hissəsi və həqiqi kökü vardır. Boyun hissə kökümeyvənin əsas kütləsini təşkil
etməklə üzərində köklər və tumurcuqlar olmayan və əsas yeyilən hissəsidir. Kökün en kəsiyində iki qalın hissə görünür: xarici qat-qabıq (floema) - bu dəriciklə örtülüdür və daxili özək-oduncaq (ksilema). Xarici (qabıq) qat əsasən narıncı, ya da bənövşəyi rəngli zərif, sulu-şirəli, özək qatı isə xarici qata nisbətən açıq rəngli, kobud və dadsızdır (Şəkil 1.62). Ən yaxşı sortlarda oduncaq (özək) һissənin diametri kökümeyvənin diametrinin 40%-dən çox olmur. Məs., Nant sortunda özək 39-40%-dir və o da qabıq kimi narıncı boyanmışdır. Həqiqi kök kökümeyvənin ən aşağı uc һissəsində olur. Şəkil 1.62. Kökümeyvənin en kəsiyi Çiçəyi ikicinslidir. Nadir hallarda erkək çiçək qrupuna rast gəlinir. Çiçək qrupu mürəkkəb çətir olmaqla ləçəklərin rəngi ağ, ağ-yaşıldır (Şəkil 1.63).