Kökümeyvəlilər subtropik mənşəli olmaqla soyuğa davamlıdırlar. Bunların toxumları 2-6 °C-dən cücərməyə başlayır. Ən istiyə tələbkar olan kökümeyvəli çuğundurdur ki, onun da toxumu 4°C-dən cücərməyə başlayır və 20-22 günə cücərir.
Cücərtilər -2,-6°C və daha artıq şaxtaya dözə bilir. Azərbaycan şəraitində kökümeyvəlilərin toxumluqları tarlada sərbəst surətdə qışlayır.
Kökümeyvəlilərin normal böyüməsi və keyfıyyətli məhsul verməsi üçün 16-20°C istilik lazımdır. Daha yüksək temperaturda bitkilər zərər çəkir, kökümeyvəsinin kütlə artımı azalır, kobudlaşır, boşalır, acılaşır, xüsusilə turplar yeməli olmur. Yüksək temperatur quraqlıqla müşayiət edildikdə daha pis nəticə alınır.
Bütün kökümeyvəlilər uzun gün bitkiləridir. 2-6°C istilik dövrünü keçirmiş bitkilər 13-18 saatlıq uzun gündə daha tez özəkləyir və tez çiçəkləyib toxumlayır. Yüksək keyfıyyətli kökümeyvə almaq üçün isə bitkilər qısa gün şəraitində becərilməlidir.