Bioloji xüsusiyyətləri. Razyana istiliksevən bitkidir. Onun toxumları 6-8°C-də cücərməyə başlayır. Toxumların cücərməsi üçün optimal temperatur 20 °C-dir. Cənub və qərb rayonlarında qışı yaxşı keçirir. Vegetasiya müddətində temperatur cəmi 2500 °C- dən artıq olmalıdır. Çiçəkləmə və yetişmə dövründə istiliyə xüsusilə tələbkarlıq göstərir.
Razyana işıq və nəmlik sevən bitkidir. Kölgəli və tutqun havada vegetasiya müddəti, xüsusən də çiçəklənməsi və toxumun yetişməsi ləngiyir. Torpağın nəmliyinə ən çox tələbat toxumun cücərməsi dövründə və gövdələnmənin əvvəlindən tam çiçəkləməyə qədər olan dövrdə göstərir. Çiçəkləmə zamanı quraqlıq arzu olunmayandır.
Sort və hibridləri. Razyananın seleksiya sortu yoxdur. Səpinlərdə Çernovski sortunun populyasiyasından istifadə edilir. “Ağcabədi” sortu ADAU-nun bağçılıq kafedrasında (prof. Ş.A.Əliyev, dos. M.M.Məmmədova tərəfindən) yerli yabanı formanın (Ağcabədi rayonundan götürülən) çoxqat seçilməsi yolu ilə alınmış və Azərbaycan Respublikasında rayonlaşmışdır.
Yarpaq qrupu 32-36 sm diametrinə və 30-70 sm hündürlüyə malikdir, yarpaqları 6-10 ədəd, orta irilikdə, ayası santimetrlə 16-20x18-20, ümumi görünüşü ürəkvari, tünd-yaşıldır, son seqmentləri sapvaridir.
Ağcabədi - Sortun gövdəsi hündür, 176-218 sm, rəngi çal-yaşıl, kolun ümumi forması konusvaridir. Adi razyanadır (Şəkil 1.59). Cücərmədən yarpaqların texniki yetişməsinə qədər 30-54 gün tələb edir. Səbzə məhsuldarlığı 51,6-67 t/ha, əmtəə məhsulu 46,8-63 t/ha-dır. Tərkibində quru maddə 12-13 %, ümumi şəkər 1,3-2,0 %, C vitamini 86-93 mq%-dir. Toxum məhsuldarlığı 2-2,3 t/ha-dır. 1000 toxumun kütləsi 8-12 q-dır.