|
Razyana meyvələri bütöv halda yeyinti sənayesində və tibdə istifadə olunan tərəvəz bitkisidir. Onun toxumlarının tərkibində 4-6 % efir yağı vardır. Ona görə də razyana efir yağı almaq üçün də becərilir. Efir yağının ən qiymətli tərkib hissəsi anetol adlanan ətirli maddədir. Efir yağı və onun tərkibində olan anetol yeyinti, ətriyyat - kosmetika və əczaçılıq sənayesində işlədilir. Meyvəsinin tərkibində efir yağından başqa 16-18 % piyli yağ və 27 % zülal maddəsi vardır. Razyana C vitamini, karotin, rutin və şəkər mənbəyidir. C vitamini 40-70 mq%, A provitamini 2,4-10,5 mq% təşkil edir. Yarpağı yeyilən formalarda C vitamini 93-155 mq%-ə çatır. Bir tərəvəz bitkisi kimi razyananın körpə yarpaqları, zoğları, yarpaq saplaqları salatlara və digər xörəklərə qatılır.
Razyana çox qədim və ən qiymətli dərman bitkilərindəndir. O, bir çox xəstəliklərə qarşı tətbiq olunur. Ən çox razyana toxumu oyadıcı və mədəni möhkəmləndirici vasitə kimi, həm də böyrəkdə, öd yollarında daş əmələ gəldikdə, soyuqdəymələr zamanı bəlğəmgətirici vasitə kimi istifadə edilir.
Razyana yabanı halda ən çox Aralıq dənizi sahilində yayılmışdır. Razyananın vətəni Qərbi Asiya, Şimali Afrika və Cənubi Avropa hesab edilir. Rusiyada onu XX əsrin 30 illərindən becərməyə başlamışlar. Azərbaycanda da bu bitkiyə yabanı halda çox rast gəlmək olur.
İlk dəfə 1967-ci ildə razyana Ş.A.Əliyev, M.M.Məmmədova tərəfindən təcrübələrdə becərilməyə və öyrənilməyə başlamışdır.
Botaniki təsviri və sort seçmə meyyarları. Adi razyana (Foeniculum vulqare Mill) kərəviz (Apiaceae) fəsiləsinə aid olan çoxillik ot tipli bitkidir. İki növmüxtəlifliyi vardır: 1. Adi razyana (Foeniculum vulqare Mill.var.vulqare.) çoxillik bitki kimi becərilir; 2. “Tərəvəz” razyanası (Foeniculum vulqare Mill. var. dulce) çoxillik olsa da, birillik bitki kimi yayda səpilir, yetişdirilir və payizda “soğanaqları” kəsilib istifadə edilir. Çoxillik formanın kökü lətli mil kökdür. Gövdəsi dairəvi, zəif qabırğalı, içi boş, güclü budaqlanan 1,5-2,5 m hündürlükdədir. Yarpaqları növbəli düzülüşlü, iri, qınlı, çılpaq, çoxlu lələklərə bölünmüş, sapşəkilli hissələrdən ibarətdir (Şəkil 1.57). Gövdəsinin üzərində 6-10 ədəd yarpaq yerləşməklə, aşağı hissəsindəki yarpaqlar iri və uzun saplaqlı, yuxarı hissəsindəkilər isə saplaqsızdır. Qiymətli olduğu üçün