|
Kəvər ikiillik tərəvəz bitkisidir. O müxtəlif xörəklərə ətir və dadverici əlavə kimi, təzə halda, yağda qovrulmuş halda, həmçinin tərəvəzin duza qoyulması və marinadlaşdırılmasında istifadə edilir. Kəvər sidikqobucu xassəyə malikdir, onun qaynanmış suyu səs tutulması, zökəm, öskürək, larinqit, bronxit və ümumiyyətlə tənəffüs orqanlarının iltihabı zamanı işlədilir. Tərkibi qida maddələri ilə zəngindir. Xərçəng xəstəliklərinin qarşısını alır. Kəvərin yalançı gövdəsi («qiçası») marinadlaşdırırlıb salatda istifadə edilir. Bu yalançı gövdələr çox yoğun və lətli olur. Kiçik Asiya və Azərbaycanın yerə yatan zərif yarpaqlı kəvərlərinin yarpağı tez-tez biçilib kükü bişirilməsində müxtəlif ətli xörəklərdə istifadə edilir.
Kəvər öz mənşəyini ön Asiyadan götürmüşdür. Bununla belə Azərbaycan da kəvərin vətəni sayıla bilər. Şamaxı və Zəngilan rayonlarının orta yüksək dağlıq hissəsində yabanı kəvər və Gəncəbasarda yabanılaşmış kəvərin əhali tərəfindən geniş istifadəsi bunu deməyə əsas verir.
Botaniki təsviri və sort seçmə meyyarları. Kəvər saçaqlı kök sisteminə malik olmaqla torpağın 20-40 sm dərinliyində yayılır. Yarpağın forması enli, lansetvari, xətvari, rəngi yaşıl və tünd yaşıl, uzunluğu isə 10-12 sm-dir. Birinci il əmələ gətirdiyi yalançı gövdənin uzunluğu 50-70 sm, ikinci il əmələ gətirdiyi toxum özəyinin uzunluğu isə 2 m-ə çatır. Çiçəkləri çətir çiçək qrupuna daxil olmaqla kiçik ölçülü cəhrayı və açıq-cəhrayı rəngli ləçəklərdən ibarətdir (Şəkil 1.55).
Bitki iyun-iyul ayında çiçəkləyir, çarpaz tozlanır, avqust-sentyabr ayında toxumları yetişir. Onu da qeyd edək ki, kəvər bitkisi toxumla çoxalır.
Kəvər sortları əsasən yalançı gövdəsinin uzunluğu və diametrinə, formasına, soğanağın xarakterinə görəfərqlənirlər.