Bioloji xüsusiyyətləri. Tərxun bitkisi soyuğa davamlıdır, qışı yaxşı keçirir, 10-13°C temperaturda belə normal inkişaf edir. 18-20°-dən yuxarı temperaturda zoğ və yarpaqları qismən kobudlaşır. Torpaq və havanın nisbi rütubətliyi 50-60% olduqda yüksək keyfiyyətli məhsul verir. Əkildiyi yerdə 8-10 il və daha çox inkişaf edərək məhsul verir. Lakin tərəvəz bitkisi kimi tərxunu 4-5 ildən artıq eyni sahədə saxlamaq məsləhət görülmür. Çünki bundan artıq saxlandıqda məhsuldarlığı aşağı düşür, zəif inkişaf edir. Sort və hibridləri. Tərxun bitkisinin bir neçə yabanı növü vardır. Tərxunun əsasən xalq seleksiyası sortları becərilir. Azərbaycan, Gürcüstan, Rus tərxunu qismən geniş yayılıb artırılır. Qribovski 31 sortu rayonlaşdırılmışdır (Şəkil 1.54). Fransız sortu da becərilməkdədir. Gəncə tərxunu - Azərbaycanda məşhurdur. Bu sortu Gəncə ərazisində xalq yaratmışdır. Sort üzərində (1955-1970) M.H.Əlizadə yaxşılaşdırma işi apararaq onu Gəncə və Gəncə ətrafındakı həvəskar dirrikçilər arasında yaymışdır. Gəncə tərxununun təzə halda yeyilən cavan zoğları olduqca zərif, şirəli, ətirli, xoşagələn tamlı (dadlı), yarpaqları və zoğları bozumtul-tündyaşıl rənglidir. Tərkibində quru maddə 18-20 %-ə, efir yağı 0,7-0,8 %-ə və ümumi şəkəri 0,8 %-ə çatır. Yığcam kolu olub, hündürlüyü 100-120 sm-ə çatır, çiçəkləyir, seyrək hallarda toxum yetişdirə bilir. Əkildiyi ildən sonra ikinci ildən altıncı ilədək yüksək və keyfiyyətli məhsul verir. Eyni sahədə 10-15 ilədək yaşayır. Hər vegtasiya dövründə 6-8 dəfə məhsulu toplanır və orta hesabla hektardan məhsuldarlığı 180-250 sentnerə çatır. Gəncə-Qazax bölgəsində açıq sahələrdə martın əvvəlindən iyun ayınadək keyfiyyətli məhsul yetişdirir. İyun ayından sonra zoğları nazikləşir, qabalaşır, yarpaqları xırdalaşır. Sentyabr, oktyabr aylarında kök boğazından yeməli pöhrə verir. |