Saplaqsız yarpaq əmələ gətirir və qrup yarpaqları sərilən, yarımyuxarıya qalxmış və şaquli vəziyyətdə yerləşir (Şəkil 1.24). Yarpaq ayası sadə, kənarları tam və dişli, rəngi açıq-sarıdan tünd yaşıla qədər olur. Baş kahıda kələm başlarına bənzər, lakin kiçicik, romen kahı da üzünsov ovalvarı baş bağlayır. Torpaq səthində şaquli olaraq yuxarıya qalxmış gövdə əmələ gətirir və onun hündürlüyü 100-120 sm, diametri 4-5 sm və daha çox, qulançar kahısında ondan daha artıq inkişaf edir. Baş kahı xarici və daxili özəkdən təşkıl olunur. Çiçək zoğu 0,6 -2,0 m-dək uzanır. Bitki birevli, çiçəkləri ikicinslidir. Çiçək qrupu kiçik səbətdir, yarpaq qoltuğunda və zoğların ucunda toplaşır, sarı yaşıl rənglidir (Şəkil 1.25). Meyvəsi bir toxumludur, yastı, uzunsov-lansetvarı, ucunda qovcuq var, rəngi gümüşü-ağ, gümüşü-boz, tünd qəhvəyi və qəhvəyi-qara olur Bioloji xüsusiyyətləri. Kahı soyuğa davamlı, uzungünlü, birillik tərəvəz bitkisidir. Əvvəlcə yarpaq qrupu və ya baş əmələ gətirir, daha sonra həmin yazda özəkləyir və toxum verir. Ən tez yetişən tərəvəzlərdən biri olub, yarpaq əmələ gətirən sortları 30-45 günə, hətta parnikdə 20 günə texniki yetişmiş ərzaqlıq hissələr əmələ gətirir. Yarpaq qrupu və baş bağlama fazasında -5, -12°C-dək şaxtaya dözür. Optimal temperatur 15-20°C-dir. İşığa xeyli tələbkardır. Kölgələndikdə yarpaqlar ensiz olur, baş bağlamır. Uzun gün bitkisidir. Qida və çürüntüyə tələbkardır. Torpaq məhlulunun reaksiyası neytrala yaxın olmalıdır. |