Efiryağlı yarpaqlara malik tərəvəz bitkilərində isə, əlavə olaraq yeməklərə tökmək, qurutmaq və qışa saxlamaq üçün daha ətirli, təzə halda salatda istifadə etmək üçün isə kəskin iyi olmayan sortlar seçilir.
Kökümeyvəli tərəvəz bitkilərindən olan yerkökünün ən yaxşı sortlarında oduncaq (özək) һissənin diametri kökümeyvənin diametrinin 40%-dən çox olmamalıdır. Mətbəx çuğundurunun kökümeyvəsində isə həlqəviliyi bilinməyən sortlara üstünlük verilməlidir.
Ümumiyyətlə, aqrobioloji xüsusiyyətlər də daxil olmaqla, sortun biomorfoloji əlamətləri sort seçmə meyyarlarının əsasını təşkil edir.
1.3.1. Səbzə tərəvəz növləri və sort nümunələriÖz becərilmə texnologiyasına və istifadə qaydasına görə turpca və səbzə soğan da bu bitkilər qrupuna daxildir.
Səbzə bitkilər çox tez yetişəndirlər. Onlar kütləvi cücərmədən, 25-60 gündən sonra istifadəyə başlanır. Xüsusilə, acıtərə, keşniş, şüyüd və turpca daha tezyetişəndir (25-35 gün). Cücərmədən 60-80 gün ərzində onların toxumu yetişir. Ona görə bu bitkilərdən bir ildə iki dəfə toxum, və ya 4-5 dəfə yaşıl kütlə yığmaq olar. Bu səbəbdən də əhali il boyu səbzə tərəvəzlə təmin olunur (yaşıl konveyer) (Şəkil 1.10).
Səbzə bitkilər soyuğa davamlıdırlar. Yalnız reyhan və mərzə istiyə tələbkardır. Soyuğadavamlı olan əksər səbzə bitkilərinin toxumu 0-5°C-də cücərməyə başlayır. Onların böyüməsi də +5°C -dən başlayır. Uzun müddət 1-3°C şaxtaya, qısa müddət 3-5°C şaxtaya dözürlər. Bu bitkilər qar örtüyü altında, havada 7-10°C şaxta olsa da, salamat qalır. Lakin, uzun müddət örtük altında (işıqsız) qala bilməz. Bu halda yarpaqlar saralır və bitki məhv olur. Bitkilər üçün optimal temperatur 13±7°C -dir. Minimal və maksimal temperatur isə 13±14°C -dir (-10 +27°C). Lakin 20°C -dən yüksək temperatur səbzə bitkilər üçün zərərlidir. Reyhan və mərzə istiyə tələbkar olduğundan onların toxumu ildə bir dəfə - aprel ayının 10–20–də səpilir.