Bu üsulla dondurulma kökümeyvəli tərəvəzlərə də aiddir (Şəkil 6.12). Bu zaman dondurula məhsul bir başa istifadə edildiyi üçün kökümeyvəli tərəvəzlər də yuyulur, qabığı soyulur və dorğanaraq qablaşdırılır (əsasən polietlen torbalara yığılır). Bütöv halda da dondurmaq olar.
Səbzə tərəvəz bitkilərini marinadlaşdırmaq üçün yuyulub və dorğanmış 600 qram səbzə tərəvəz şüşə balona yığılır, üzərinə 300 qram su, 3 xörək qaşığı 6%-li esens, 30 qram xörək duzu, 50 qram bitki yağı əlavə edilərək ağzı hermetik qapaqla bağlanır. Yarpaqlı tərəvəz bitkilərinin qurutma üsulu ilə saxlanması daha geniş tətbiq edilir. Qurutma - məhsulun susuzlaşdırılmasına əsaslanır. Sərbəst su olmayan şəraitdə mikroorqanizmlər inkişaf edə bilmir. Qurutmaq üçün yerkökü, çuğundur, ağ köklər (kərəviz, cəfəri), ağbaş kələm, yarpaqlı tərəvəz bitkiləri (şüyüd, cəfəri, nanə, ispanaq) və s. istifadə olunur (Şəkil 6.13). Məhsulların əksəriyyəti 8-14% su qalana kimi qurudulur. Qurutma müxtəlif üsullarla həyata keçirilir. Günəş istiliyi altında qurutma - iqtisadi cəhətdən çox faydalıdır, lakin bu həmişə mümkün olmur. Azərbaycanda tərəvəzi iyun ayından başlayaraq oktyabr ayına kimi günəş altında qurutmaq olar. Təbii üsulla bitki isti havada və gün düşməyən yerdə qurudulur (rəngin dəyişməməsi üçün) və bu qurutma bir neçə gün çəkir. |