Tərəvəz dəmir yolu, su, avtomobil və habelə hava nəqliyyatında daşınır, ən çoxu isə dəmir yolundan istifadə edilir. Bu məqsəd üçün adi örtüklü vaqonlar, germetik vaqonlar yararlıdır. Adi örtüklü vaqonlarda içəridə temperatur nizamlanmır. Buranın temperaturu havanın temperaturundan asılıdır. Məhsul belə vaqonlarda yaxın məsafəyə daşınır. Bu vaqonlardan, əsasən yay aylarında istifadə edilir. Payız aylarında tərəvəz daşınmasında -2°C-yə qədər şaxta olduqda ventilyasiyadan istifadə edilir. Xarici mühitdə şaxta 5°C-dən az olduqda tərəvəzin üstünü örtürlər. Örtük kimi pambıq odeyallardan, qalın kağızdan və samandan istifadə edilir. Vaqon-buzxanalar tərəvəzin keyfiyyətli daşınmasını təmin edir və vaqonun daxilində müntəzəm olaraq aşağı temperaturu saxlayır. Bu vaqonların içərisinə buz-duz qarışığı və ya ayrıca buz qoyulur. Germetik vaqonlar tərəvəzin keyfiyyətli daşınmasını daha yaxşı təmin edir. Şaxta 150C-dən aşağı olduqda vaqon isidilir. Bu zaman ventilyator vasitəsilə hava cərəyanı nizamlanır. Bayırda +30-dan -45°Cyə qədər temperatur olduqda belə vaqonlarda +6°C-yə qədər soyuqluq yaratmaq mümkündür. Əgər vaqon tərəvəzin yığılmasından əvvəl soyudulmuşdursa, tərəvəz daha yaxşı keyfiyyətdə qalır. Tərəvəz növündən asılı olaraq yeşiklərə, yeşik-qəfəsələrə, səbətlərə, konteynerlərə qablaşdırılaraq daşınmaq üçün hazırlanır. Belə qablaşdırılmış məhsul vaqonlarda ştabel qaydasında yığılır və vaqonun giriş yerindən içəriyə doğru 60 sm enində hərəkət üçün yer saxlanılır. Vaqonun tavanı ilə üst yeşik cərgəsinin arası 40-50 sm olmalıdır. Daşınma zamanı temperatur 4-5°C -dən yuxarı, 0°C -dən aşağı olmamalıdır. Dəmir yolunda daşınmaya nisbətən su nəqliyyatında daşınma ucuz başa gəlir. Burada gəmilərdən və motorlu qayıqlardan istifadə edilir. Içinə tərəvəz yığılmış taraları ştabel qaydasında divardan 20-25 sm aralı yığırlar. Ventilyasiya olmadıqda və yığılmağa nəzarət edilməməsi nəticəsində içəridə istilik həddindən artıq qalxa bilər. Bu isə həm mikroorqanizmlərin inkişafına, həm də tərəvəzin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Tərəvəzin daşınmasında avtomobil nəqliyyatından daha çox istifadə edilir. Avtomobillə daşınma yerli əhəmiyyətə malikdir. Tərəvəzin keyfiyyətinin aşağı düşməməsi üçün məhsul yayda gecə vaxtı daşınmalıdır. Daşınan məhsulun üstü isə mütləq örtülməlidir. Son illərdə meyvə-tərəvəzin daşınmasında hava nəqliyyatından da istifadə edilir.
Meyvə və tərəvəzi uzun müddət saxlamaq üçün aşağı temperaturdan istifadə edilir. Saxlanılma temperaturu müvafiq tərəvəzin donma temperaturuna yaxın olmalıdır. Tərəvəzin donma temperaturu isə onun kimyəvi tərkibindən asılıdır. Bu temperatur tərəvəzin tərkibindəki suyun miqdarından asılı olaraq mənfi 0,5-2,5 °C arasında dəyişir. Məsələn, yerkökü, kələm və çuğundur -1,6 °C-də donur. Tərəvəzin saxlanılması zamanı aşağı temperaturun tətbiq edilməsi bəzən onların dad-tam keyfiyyətinə mənfi təsir göstərir.
Saxlanılma müddətinə görə tərəvəz məhsullarını 3 qrupa bölürlər.